Yeni qərar verildi: Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq
Çin vətəndaşlarının xaricə çıxışını daha ciddi şəkildə nəzarətdə saxlamağa başlayıb. Xüsusilə texnologiya və süni intellekt kimi strateji sahələrdə qlobal rəqabətin gücləndiyi bir vaxtda qəbul edilən qaydalar xaricə səfər edən şəxslərlə bağlı nəzarətin genişləndirilməsinə imkan verir.
Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, xaricdə olduğu müddətdə Çinin milli təhlükəsizliyinə və ya maraqlarına “zərər verdiyi” hesab edilən şəxslərin ölkədən çıxışı üç ilədək məhdudlaşdırıla bilər.
Sənaye və texnologiya təhlükəsizliyi baxımından risk yaratdığı düşünülən şəxslər də məhdudiyyətlərin əhatə dairəsinə daxil ediləcək.
Bundan başqa, sərhəd əməkdaşlarına Çin vətəndaşlarını “yüksək riskli” hesab edilən ölkə və bölgələrə səfər etməmələri barədə xəbərdar etmək tapşırılıb.
Çində xaricə çıxışla bağlı məhdudiyyətlər yeni tətbiq deyil. Əvvəllər əsasən dövlət qulluqçularına tətbiq olunan bu qaydaların zamanla dövlət şirkətlərində çalışan şəxslərə və bəzi digər vətəndaşlara da şamil edildiyi bildirilir.
Pekində dövlətə məxsus maliyyə qurumunda çalışan və adının açıqlanmasını istəməyən 32 yaşlı “Xiao Wang” BBC-nin Çin xidmətinə bildirib ki, əməkdaşlar uzun müddətdir pasportlarını təhvil verməli və xaricə getmək üçün icazə almalı olurlar.
Onun sözlərinə görə, rəhbərlər əməkdaşlara şifahi şəkildə Yaponiya kimi “həssas ölkələrə” səfər etməməli olduqlarını bildiriblər.
Georgetown Universitetinin Asiya Hüququ Mərkəzinin icraçı direktoru professor Tom Kellogg genişlənən səyahət məhdudiyyətlərini “son dərəcə narahatedici” adlandırıb.
Kellogg bu siyasətin Çin lideri Si Cinpin dövründə güclənən “ideoloji nəzarəti” əks etdirdiyini və Mao Tszedun dövrünü xatırlatdığını bildirib.
Çin hökumətinə bağlı Piyao platforması isə yeni qaydaların adi vətəndaşların xaricə səfərlərini məhdudlaşdırmadığını müdafiə edib.
Platformanın açıqlamasına görə, qaydalar yüksək riskli bölgələrə səfərlərlə bağlı qabaqlayıcı tədbirlərdir. Məqsəd insanların aldadılaraq xaricə aparılması, qanunsuz qumar və dələduzluq fəaliyyətlərinə cəlb edilməsi kimi halların qarşısını almaqdır.
Şəxslərin barəsində ölkədən çıxış qadağası olub-olmadığını əvvəlcədən öyrənə bilməməsi də müzakirələrə səbəb olub. Bildirilir ki, rəsmi bildiriş verilmədiyi hallarda insanlar məhdudiyyət barədə yalnız lazımi sənədlərə müraciət etdikdə və ya ölkədən çıxmağa çalışarkən xəbər tuturlar.
İnsan hüquqları təşkilatı Safeguard Defenders-in BBC-yə təqdim etdiyi məlumatlara görə, Çin Ali Məhkəməsinin məlumat bazasında ölkədən çıxış qadağalarına istinad edən qeydlərin sayı 2016-cı ildə 89 olduğu halda, ötən il 188 min 760-a yüksəlib.
Ölkədən çıxış qadağaları ilə bağlı məhkəmə işlərinin ümumi mülki hüquq qərarları arasındakı payı da 2019-cu ildə təxminən 0,23 faizdən 2025-ci ildə 7,3 faizə çatıb.
Məhkəmələrin son illərdə daha çox qərarı ictimaiyyətə açıq şəkildə yayımlamaması səbəbindən real ölkədən çıxış qadağalarının bu rəqəmlərdən də yüksək ola biləcəyi bildirilir.