📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni Azərbaycan - zəfərlər Partiyası - Fotolar

2026-09-11 10:24:06

Yeni Azərbaycan - zəfərlər Partiyası - Fotolar

Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının XIII konfransı keçirilib.

Hurriyyet.media  xəbər verir ki, konfransda YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov hesabat məruzəsi ilə çıxış edərək rayon təşkilatının ötən dövrdəki fəaliyyəti, qarşıya qoyulan vəzifələrin icrası məqsədilə görülmüş işlər barədə məlumat verib.

O bildirib ki, Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə Azərbaycanın dövlətçilik xəttinə uyğun fəaliyyət göstərib və dövlətimizin qüdrətlənməsi üçün var gücü ilə çalışıb. Partiyanın 2021-ci ildə keçirilən VII qurultayı bu siyasi təşkilatın fəaliyyətinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsində mühüm rol oynayıb. Həmin siyasi kursa öz töhfəsini vermək məqsədilə YAP Qaradağ rayon təşkilatı da fəaliyyətini gücləndirib. Partiya quruculuğu, ərazi partiya təşkilatları və üzvlərlə iş, maarifləndirici və sosial layihələr rayon təşkilatının fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.

Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi yeri və xidmətləri var. Rayon təşkilatı ilə birlikdə həyata keçirilən birgə layihələr, çoxsaylı konfranslar, dəyirmi masalar və digər tədbirlər partiyanın rayon təşkilatının cəmiyyətdə rolunu artırmış, onun sıraları daha da genişlənmişdir.

Çıxışlarda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının hesabat dövründə fəaliyyəti və görülən işlər müsbət qiymətləndirilib və qənaətbəxş hesab edilməsi təklif olunub.

Konfransda YAP Qaradağ rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və YAP-ın VIII Qurultayına nümayəndələr seçilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.