📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaşasaydı, 75 yaşını qeyd edəcəkdi...

2026-09-03 19:53:44

Yaşasaydı, 75 yaşını qeyd edəcəkdi...

Bu gün mərhum Xalq artisti Yaşar Nurinin doğum günüdür.

Hurriyyet.media  xəbər verir ki, aktyor yaşasaydı, 75 yaşını qeyd edəcəkdi.

1951-ci ilin bu günündə Bakıda, tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn Yaşar Nuri uşaqlıqdan səhnəyə maraq göstərib. Sənətkar ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Məhərrəm Əlizadənin “Toy kimindir?” tamaşasında Tapdıq obrazını canlandırıb.

Məktəbli yaşlarında Azərbaycan televiziyasının uşaq verilişlərində də iştirak edən Y.Nuri “Yelkən”, “Buratino”, “Qaranquş” və “Pioner” kimi proqramlarda çıxış edib.

Səhnədə müxtəlif xarakterli obrazlar yaradan aktyor qısa müddətdə özünəməxsus oyun üslubu ilə tamaşaçı sevgisi qazanıb. “Qanlı Nigar” tamaşasında yaratdığı Abdi obrazı isə sənətkarın səhnə fəaliyyətinin ən yaddaqalan işlərindən biri hesab olunur.

Yaşar Nuri teatrla yanaşı, Azərbaycan kinosunda da silinməz iz qoyub. O, çoxsaylı bədii filmdə rol alıb. “Yol əhvalatı” filmindəki Makintoş, “Yaramaz”dakı Maşallah, “Bəyin oğurlanması”ndakı İsrafil, “Qətl günü”ndəki Mahmud doktor, “Lətifə”dəki Məmmədi və digər obrazları aktyorun yaradıcılıq irsində xüsusi yer tutur.

Sənətkar uzun illər kinorejissor Vaqif Mustafayevlə də əməkdaşlıq edib və tragikomik filmlərdə yaratdığı obrazlarla Azərbaycan kinosunun özünəməxsus simalarından birinə çevrilib.

Azərbaycan televiziyasında (AzTV) serial formatının bünövrəsini qoyan və Yaşar Nurini xalqın sevimlisinə çevirən əsas işlər məhz çoxseriyalı teletamaşalardır. “Səni axtarıram” trilogiyası rejissor Tariyel Vəliyevin ekranlaşdırdığı və Azərbaycan televiziya tarixinin ən uğurlu çoxseriyalı sevgi hekayəsidir. Yaşar Nuri (Elçin) və Firəngiz Mütəllimovanın (Gülnar) tərəf müqabili olduğu bu trilogiya on milyonların sevgisini qazanıb.

Yaşar Nuri yalnız aktyor kimi deyil, rejissor kimi də fəaliyyət göstərib. Teatrda İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərinə quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib. Bundan başqa, televiziya tamaşalarında, radio proqramlarında və dublyaj sahəsində də fəal iştirak edib.

Sənətkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adına layiq görülüb. 1991-ci ildə “Yaramaz” filmindəki Maşallah roluna görə Dövlət mükafatı alıb. Yaşar Nuri həmçinin “Qızıl dərviş”, Cəfər Cabbarlı və Milli Kino mükafatlarına, Prezidentin I dərəcəli mükafatına, fərdi təqaüdə və “Şöhrət” ordeninə layiq görülüb.

2008-ci ildə keçirdiyi ağır əməliyyatdan sonra yenidən səhnəyə qayıdan aktyor tamaşaçılar tərəfindən böyük sevgi və alqışlarla qarşılanıb. 2011-ci ildə onun 60 illik yubileyi Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunub.

Y.Nuri 1975-ci ildə Rəhimə xanımla ailə həyatı qurub. Onların Ülviyyə və Ülkər adlı iki qız övladı olub. Aktyorun qızı Ülviyyə 2025-ci ildə həyatını itirib.

Yaşar Nuri uzunsürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib.