📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yalçın Rəfiyev: “140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardım fəaliyyətindən faydalanıb”

2026-09-10 19:21:45

Yalçın Rəfiyev: “140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardım fəaliyyətindən faydalanıb”

“Bugünkü konfransda humanitar fəaliyyətin humanitarlıq, qərəzsizlik, neytrallıq və müstəqillik prinsipləri əsasında həyata keçirilməsinin, həmçinin hökumətlər, beynəlxalq təşkilatlar və digər tərəfdaşlar arasında güclü koordinasiyanın vacibliyi xüsusi vurğulandı. Müzakirələr, həmçinin inkişaf əməkdaşlığının dəyişən xarakterinə və yeni və yaranmaqda olan əməkdaşlıq mexanizmlərinin əhəmiyyətinə yönəldi”.

Hurriyyet.media  xəbər verir ki, bu fikirləri Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransın yekununa dair çıxışında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.

Y.Rəfiyev diqqətə çatdırıb ki, son 15 il ərzində AİDA Azərbaycanın beynəlxalq yardımının və əməkdaşlığının mühüm mexanizmlərindən birinə çevrilib: “Bu müddət ərzində Azərbaycanın yardımının coğrafiyası genişlənib və dünyanın müxtəlif yerlərində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardım fəaliyyətindən faydalanıb. Bu fəaliyyətə Afrika ölkələrinə, kiçik inkişaf etməkdə olan dövlətlərə dəstək, eləcə də Afrikada qarşısıalına bilən korluğun aradan qaldırılması ittifaqı kimi təşəbbüslər, kiçik inkişaf etməkdə olan dövlətlərin mədəni irs obyektlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə dəstək kimi fəaliyyətlər daxil olub. Bu, Azərbaycanın praktiki və dayanıqlı inkişaf əməkdaşlığına sadiqliyini əks etdirir. Təcrübəmiz göstərir ki, inkişaf əməkdaşlığı yalnız maliyyə resurslarının təmin edilməsi ilə məhdudlaşmır. Bilik və təcrübə mübadiləsi, texniki yardım, təhsil, səhiyyə, institusional potensial və insan kapitalının inkişafı bu əməkdaşlığın ən mühüm komponentləridir. Bu kontekstdə Azərbaycanın inkişaf təcrübəsinin tərəfdaş ölkələrlə paylaşılması, xüsusilə Cənub-Cənub və üçtərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər bariz nümunədir”.

Y.Rəfiyev vurğulayıb ki, qlobal inkişaf gündəliyi qarşıdakı dövrdə yeni çağırışlarla üzləşməkdə davam edəcək: “Bu çağırışların miqyası və mürəkkəbliyi daha güclü beynəlxalq həmrəylik, daha geniş tərəfdaşlıqlar və daha çevik və inklüziv inkişaf əməkdaşlığı tələb edəcək.
AİDA-nın 15 illiyi, həmçinin gələcək fəaliyyətimiz üçün yeni yolları nəzərdən keçirmək baxımından mühüm imkan yaradır. Növbəti mərhələdə, əldə edilmiş təcrübəyə əsaslanaraq yeni tərəfdaşlıqların qurulması, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və qlobal inkişafa praktiki töhfəmizin genişləndirilməsi əsas prioritetlərimiz olaraq qalacaq. Buradakı müzakirələrin yaxın və uzaq gələcəkdə təcrübə mübadiləsinə töhfə verəcəyinə, yeni tərəfdaşlıqların, birgə təşəbbüslərin və əməkdaşlıq imkanlarının inkişafına xidmət edəcəyinə inanıram”, - deyə diplomat vurğulayıb.