📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xameneinin Londondakı penthausları satışa çıxarıldı

2026-09-06 18:37:25

Xameneinin Londondakı penthausları satışa çıxarıldı

Böyük Britaniya hakimiyyəti ABŞ sanksiyaları altında olan və BƏƏ-də yaşayan iranlı maliyyəçi Əli Ənsarinin adına rəsmiləşdirilən lüks daşınmaz əmlakının satışına icazə verib.

Musavat.com The Times qəzetinə istinadən xəbər verir ki, ABŞ tərəfindən Ənsarinin sanksiyalara məruz qalmasından sonra təxminən 36 milyon funt sterlinq (48,6 milyon dollar) dəyərində iki penthaus satışa çıxarılıb. Mənzillər Londonun əsas məhəllələrində, Uels şahzadəsinin iqamətgahının və İsrail səfirliyinin yaxınlığında yerləşir.

Qeyd olunur ki, hərracın rəsmi səbəbi Ənsarinin ipoteka borcları olub və hökumət gəliri dondurmağı planlaşdırır. Nəşrin əməkdaşları Ənsarinin penthauslarda olub-olmadığını təsdiqləyə bilməyiblər, lakin əmlaklara hələ də yüksək tələbat var.

The Times qəzetinin məlumatına görə, Ənsarinin Londonda 140 milyon funt sterlinqdən (189 milyon dollar) çox dəyəri olan əmlakı var, lakin Britaniya hökuməti penthauslardan yalnız ikisini satmaq qərarına gəlib.
ABŞ əvvəllər Ənsariyə qarşı "İran elitasını" maliyyələşdirdiyinə görə sanksiyalar tətbiq etmişdi. ABŞ-ın məlumatına görə, Ənsari digər məsələlərlə yanaşı, İranın Ali Lideri Ayətullah Müctəba Xameneinin maraqları naminə hərəkət edir.

Qeyd edək ki, Ənsarinin Müctəba Xameneinin İrandakı və Qərbdəki biznesinin idarəçisi olduğuna dair məlumatlar uzun müddətdir dünya mətbuatında yayılır. Londondakı daşınmaz əmlakların real sahibinin də Xamenei olduğu bildirilir.