Uşaq qədər ağlı olanların nəzərinə! - Ali Məhkəmədən səs-küylü QƏRAR
Cəmiyyətdə belə bir yayğın fikir var ki, əgər bir işdə yetkinlik yaşına çatmış şəxslə yeniyetmə birgə cinayət törədirsə, avtomatik olaraq yaşda böyük olan tərəf “yeniyetməni cinayətə cəlb etməkdə” günahlandırılır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi bu yanaşmaya aydınlıq gətirərək mühüm bir hüquqi presedent təyin edib.
Qəbul olunan qərara görə, birlikdə cinayət törətmək hələ böyük şəxsin yeniyetməni yoldan çıxarması demək deyil.
Bir yeniyetmə əvvəllər götürdüyü telefonu qaytarmaq adı ilə bir nəfəri görüşə çağırır. Paralel olaraq, özündən yaşca böyük olan tanışına həmin şəxsdən pul almağı təklif edir. Hər iki şəxs əlbir olaraq zərərçəkəni kimsəsiz yerə aparır, bıçaqla hədələyib pulunu və əmlakını ələ keçirirlər. Aşağı instansiya məhkəmələri böyük yaşlı şəxsə təkcə quldurluğa görə deyil, həm də Cinayət Məcəlləsinin 170.3-cü maddəsi - yeniyetməni cinayətə cəlb etmə ittihamı ilə əlavə cəza kəsib.
İş kasasiya qaydasında Ali Məhkəməyə çatdıqda, Cinayət kollegiyası ittihamın bu hissəsini ləğv edib. Məhkəmə təşəbbüsün kimdən gəlməsinin əsas olduğunu vurğulayıb. İşin hallarından görünür ki, zərərçəkəni tələyə salan, plan quran və böyüyə “gəl bunun pulunu əlindən alaq” təklifini verən məhz yeniyetmənin özü olub.
Bir böyük şəxsin yeniyetməni cinayətə cəlb etməsi üçün ona müəyyən təzyiq göstərməsi sübut olunmalıdır. Qanuna görə bu təsir aldatma və ya yalan vədlər vermə, pul-qazanc təklif etmə, hədə-qorxu gəlmə, fiziki zor tətbiq etmə və ya zorla hədələmə formalarında ola bilər. Əgər yaşda böyük şəxs yeniyetmənin beynində cinayət törətmək fikrini sıfırdan yaratmayıbsa, ona təzyiq etməyibsə, sadəcə, yeniyetmənin təklifinə qoşulubsa, bu, "cinayətə cəlb etmə" sayılmır. Burada tərəflər, sadəcə” icraçı şəriklərdir.
Bu hüquqi yanaşma göstərir ki, məhkəmə məsuliyyəti müəyyən edərkən formal yaş fərqinə deyil, real iş fəaliyyətinə və təşəbbüsə baxır. Yeniyetmənin cinayətdə iştirak etməsi avtomatik olaraq yanındakı böyük şəxsin cəzasını "yeniyetməni yoldan çıxarma" maddəsi ilə ağırlaşdıra bilməz, bunun üçün konkret psixoloji və ya fiziki təsir faktı sübuta yetirilməlidir.