📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur - Yenilənib

2026-09-11 13:38:10

Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur - Yenilənib

Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur.

Hurriyyet.media  xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib.

“Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik ali təhsil sisteminə keçib. Bu, Amerika cəmiyyəti üçün inqilabi dəyişiklikdir. Çünki bilirik ki, Avropa universitetləri 3 illik bakalavr sisteminə çoxdan keçiblər. Amma ABŞ 4 illik bakalavr sistemini davam etdirirdi. Artıq ABŞ də bu istiqaməti düşünməyə başlayıb. Çünki bazarın tələbi dəyişir.

Təhsil əlçatan olmalıdır, amma çox ölkələrdə xərclər artır. Düşünürəm ki, dünyada baş verən trendləri nəzərə alaraq, bizdə də ali təhsil haqqında qanuna yenidən baxmağa ehtiyac var. Bu istiqamətdə həm də ictimai dinləmə keçirmək olar”, - deputat qeyd edib.

***

Deputat Ceyhun Məmmədov isə magistratura təhsilinin müddətinin 1 il olmasını təklif edib.

“Hər il Azərbaycanda bəzən 4 min, bəzən daha çox magistraturada boş yerlərimiz qalır. Bunun əsas səbəblərindən biri gənclərin 2 il oxumaq istəməməsi ilə bağlıdır. Bu müddət uzundur”, - parlamentari əlavə edib.

***

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə Azərbaycanda hazırkı təhsil sistemində 3 illik bakalavr sisteminə keçidin mümkün olmadığını deyib.

O qeyd edib ki, bu gün bakalavr təhsilinin 3 illik sistemlə məhdudlaşdırılması Avropa ölkələrində tendensiya halını alıb: “Azərbaycanda tam orta təhsilin müddəti 11 ildir. Amma dünyada bir çox ölkələrdə tam orta təhsilin müddəti 12 ildir. Lakin bu dəyişikliyi indiki reallıqda edə bilməyəcəyik. Mən düşünürəm ki, paralel olaraq 12 illik təhsilə keçməklə, 3 illik bakalavr sistemini tətbiq etmək olar. Hazırkı sistemlə isə bu mümkün olmayacaq”.