📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna kəşfiyyatından Paşinyana KRİTİK xəbərdarlıq

2026-09-11 19:14:16

Ukrayna kəşfiyyatından Paşinyana KRİTİK xəbərdarlıq

"İllərdir Rusiya Ermənistanı Cənubi Qafqazda özünün forpostu və cib tərəfdaşı kimi görürdü, lakin “Ermənistan seçkilərinə müdaxilə" adlandırılan daha bir uğursuz xüsusi əməliyyatdan sonra Rusiya nəhayət regiondakı təsirini itirir. Rusiyapərəst qüvvələr parlament seçkilərində sarsıdıcı məğlubiyyətə uğradılar və Kreml gözlənilən təvazökar üzr əvəzinə Nikol Paşinyandan sərt bir məsafə və Qərbə doğru meyl aldı”.

Bu fikirlər Ukrayna Xarici Kəşfiyyat Xidmətinin "Rusiyanın təsiri neytrallaşdırıldı: Ermənistan nəhayət ki, Moskvadan üz döndərib Avropaya üz tutur" adlı məlumatında qeyd edilib (Bakı-Xəbər).

Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir... -  Baki-Xeber.com

Bildirilib ki, Kremlin "üsyankar qonşunu konyak qadağası ilə cəzalandırmaq" metodu artıq işə yaramır. Vurğulanıb ki, Ermənistan xalqının seçiminə cavab olaraq, “Rospotrebnadzor”, gözlənildiyi kimi, ərik, albalı, balıq, “Cermuk” suyu və erməni konyakında birdən “təhlükə” aşkar edib:

“Lakin Kreml artıq 1990-cı illərdə olmadığımızı unutdu və iqtisadi çöküş və peşmançılıq əvəzinə Moskva açıq şəkildə trollandı: Paşinyan istehza ilə Avrasiya İqtisadi Birliyindəki (AİB) həmkarlarına ticarət alternativləri axtarmaq hüquqlarını tanıdıqlarına görə təşəkkür etdi və açıq şəkildə bildirdi ki, əgər birlik Rusiyanın hərəkətləri ilə iflic olarsa, bu, sonun başlanğıcı olacaq... Kremlin son şantaj taktikaları - məsələn, qaz qiymətlərini qaldırmaqla hədələmək və ya İrəvanın infrastrukturu vasitəsilə təzyiq göstərmək də iflasa uğrayacaq”.

Ermənistanın “168.am” nəşri isə yazır ki, Ermənistan və Ukrayna arasında münasibətlərin son aylardakı dinamikasını yalnız iki ölkə arasında ikitərəfli əlaqələrin təbii fəallaşması kimi qiymətləndirmək çətindir. Bu prosesin əsl siyasi əhəmiyyəti Ermənistan-Rusiya münasibətlərində dərinləşən böhran fonunda üzə çıxır. Nəşrin yazdığına görə, Rusiya ilə münasibətlərdə müşahidə olunan bu mənzərənin fonunda İrəvanın Kiyevlə əlaqələrinin əks istiqamətdə inkişaf etməsi xüsusilə diqqət çəkir: Ermənistan-Ukrayna münasibətlərində dönüş nöqtəsi kimi mayın 4-də Vladimir Zelenskinin İrəvana səfəri qeyd edilə bilər.

İki anti-Rusiya ölkəsinin yaxınlaşması nə vəd edir? Rusiya Ukrayna kimi, Ermənistana da hərbi təcavüzlə cavab verə bilərmi?

“Ukrayna kəşfiyyatının Ermənistanla bağlı son açıqlamasını Kiyevin Moskvaya qarşı növbəti informasiya həmləsi kimi qiymətləndirmək düzgün olmazdı. Burada daha maraqlı məqam var: Ukrayna faktiki olaraq Paşinyana “Rusiyadan uzaqlaşma yolundasan, amma bu yolun risklərini də unutma” mesajı verir. Ermənistan isə indi çox incə siyasi kəndirin üzərində hərəkət edir. Bir tərəfdə illərlə təhlükəsizliyini, iqtisadiyyatını və enerji sistemini bağladığı Rusiya, digər tərəfdə isə ona yeni siyasi perspektiv vəd edən Qərb dayanır”.

Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov - TurkicWorld

“Ermənistan-Ukrayna yaxınlaşmasını da məhz bu böyük geosiyasi şəklin içində görmək lazımdır. Kiyev üçün İrəvanın Moskvadan uzaqlaşması Rusiyanın postsovet məkanında daha bir mövqeyinin zəifləməsidir. İrəvan üçün isə Ukrayna müəyyən mənada həm tərəfdaş, həm də canlı siyasi nümunədir. Çünki Ukraynanın Rusiya ilə münasibətlərinin hansı nöqtədən başlayıb hansı faciəli mərhələyə gəlib çatdığını Paşinyan hakimiyyəti görməyə bilməz. Burada maraqlı paradoks yaranır. Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma Rusiyanın Ermənistandan uzaqlaşmağa necə reaksiya verəcəyini də bilmir. Siyasətdə bəzən qapını çırpıb çıxmaq asandır, əsas məsələ qapının o biri tərəfində səni kimin və nəyin gözlədiyidir”,_ deputat vurğulayıb.

Deputatın fikrincə, Moskvanın İrəvana qarşı Ukrayna ssenarisi üzrə birbaşa hərbi təcavüzə başlayacağını söyləmək üçün isə ciddi əsas yoxdur: “Ermənistanla Ukraynanın geosiyasi çəkisi, coğrafiyası, hərbi-strateji vəziyyəti və Rusiya üçün yaratdığı risklər eyni deyil. Üstəlik, Cənubi Qafqaz artıq 10-15 il əvvəlki region deyil. Burada Azərbaycan və Türkiyə faktoru, İranın maraqları, Qərbin artan iştirakı və yeni nəqliyyat arxitekturası mövcuddur. Belə bir şəraitdə Ermənistan istiqamətində hərbi avantüra Moskva üçün olduqca ağır və proqnozlaşdırılması çətin nəticələr yarada bilər”.

Onun ehtimalına görə, Ukrayna kəşfiyyatının açıqlamasındakı ərikdən konyakadək uzanan istehzalı siyahı da əslində ciddi siyasi mesajın yumşaq qablaşdırılmasıdır: “Postsovet məkanında iqtisadi məhdudiyyətlərin siyasi təzyiq vasitəsinə çevrilməsi yeni hadisə deyil. Sadəcə, görünür, İrəvan artıq əvvəlki kimi hər belə siqnaldan sonra siyasi kursunu dəyişmək niyyətində deyil”.

Deputat hesab edir ki, Ermənistanın real müstəqilliyinin yolu nə Moskvaya qarşı nümayişkaranə ritorikadan, nə də hansısa paytaxtın yeni forpostuna çevrilməkdən keçir: “Bu yol Azərbaycanla davamlı sülhdən, Türkiyə ilə münasibətlərin normallaşmasından, regional kommunikasiyaların açılmasından və qonşularla normal əməkdaşlıqdan keçir. Əgər İrəvan bunu anlayarsa, Rusiyadan uzaqlaşmaq Ermənistan üçün təhlükəli geosiyasi macəraya deyil, daha müstəqil siyasətə keçidə çevrilə bilər”.