📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Zəfər Bayramını qeyd edir

2026-08-30 12:37:19

Türkiyə Zəfər Bayramını qeyd edir

Türkiyədə Zəfər Bayramı və Silahlı Qüvvələr Günü qeyd edilir.

Hurriyyet.media  xatırladır ki, Türkiyə xalqının istiqlal mübarizəsində qazandığı tarixi qələbənin rəmzi olan bu gün yalnız bir hərbi zəfəri deyil, işğal təhlükəsi qarşısında milli iradənin, dövlətçilik əzminin və müstəqillik uğrunda mübarizənin təntənəsini ifadə edir.

Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının məğlubiyyəti Anadolunun gələcəyini böyük sual qarşısında qoyurdu. 1919-cu ildə xarici qüvvələrin Anadolu torpaqlarını işğal etməsi ilə ölkə ağır sınaq qarşısında qalır. Mayın 15-də Yunanıstan qoşunlarının İzmiri işğal etməsi isə milli müqavimətin daha da güclənməsinə səbəb oldu.

Məhz belə mürəkkəb tarixi şəraitdə Mustafa Kamal Paşanın 1919-cu il mayın 19-da Samsuna getməsi Türkiyənin istiqlal mübarizəsinin başlanğıc nöqtələrindən birinə çevrilir. Ardınca Ərzurum və Sivas konqresləri keçirilir, Ankara milli mübarizənin siyasi mərkəzinə çevrilir və 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi fəaliyyətə başlayır.

Milli Qurtuluş Müharibəsi təkcə hərbi cəbhələrdə deyil, həm də siyasi və diplomatik müstəvidə aparılırdı. Türk ordusunun Sakarya döyüşündə əldə etdiyi qələbə mübarizənin dönüm nöqtələrindən biri olub. 1921-ci ildə qazanılan bu zəfərdən sonra istiqlal mübarizəsinin son və həlledici mərhələsinə hazırlıq başlayır.

1922-ci il avqustun 26-da Böyük Taarruzun başlanması ilə türk ordusu işğalçı qüvvələrə qarşı genişmiqyaslı hücuma keçir. Avqustun 30-da Dumlupınarda əldə edilən qələbə isə müharibənin taleyini həll edir. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qazanılan bu möhtəşəm zəfər Anadolu torpaqlarının azadlığı yolunda həlledici mərhələ olur.

Böyük Zəfərdən sonra türk ordusunun əldə etdiyi hərbi uğurlar İzmirin azad edilməsi ilə nəticələnir. 1923-cü ildə Lozanna müqaviləsinin imzalanması və həmin il Türkiyə Respulblikasının elan olunması ilə istiqlal mübarizəsi yeni dövlətçilik mərhələsinə qədəm qoyur.

30 Avqustun tarixi əhəmiyyəti də məhz buradan qaynaqlanır: bu gün türk xalqının ən ağır şəraitdə belə öz müstəqilliyini qorumaq iradəsinin simvoludur.

Aradan keçən bir əsrdən artıq müddətdə Türkiyə yalnız iqtisadi və siyasi deyil, müdafiə sənayesi və hərbi imkanları baxımından da böyük inkişaf yolu keçib. Bu gün Türkiyə Silahlı Qüvvələri NATO-nun ən böyük və imkanları geniş ordularından biri kimi qiymətləndirilir. Son illərdə müdafiə sənayesində həyata keçirdiyi milli və yerli istehsal proqramları ilə də diqqət çəkən Türkiyənin müasir hərbi gücünün əsas xüsusiyyətlərindən biri müdafiə sənayesində xarici asılılığın azaldılması və milli texnologiyaların inkişaf etdirilməsidir. Pilotsuz uçuş aparatlarından zirehli texnikaya, hava hücumundan müdafiə sistemlərindən hərbi gəmilərə, raket texnologiyalarından elektron döyüş sistemlərinə qədər geniş spektrdə yerli imkanlar formalaşdırılıb.

Bu mənada 30 Avqustun müasir Türkiyə üçün mesajı da dəyişməz olaraq qalır: müstəqillik yalnız tarixi zəfərlə deyil, onu qorumaq üçün güclü dövlət və güclü ordu qurmaqla təmin edilir.

Azərbaycan üçün də qardaş ölkənin 30 Avqust Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün xüsusi mənəvi əhəmiyyəti var. Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi, milli və mənəvi bağlar iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Azərbaycan xalqı Türkiyənin istiqlal mübarizəsini və qazandığı Böyük Zəfəri öz tarixi yaddaşının bir parçası kimi qəbul edir.

1919-cu ildə işğal təhlükəsi qarşısında qalan Anadoludan 1922-ci ilin 30 avqustunda zəfərə gedən yol və bu gün dünyanın mühüm hərbi-sənaye potensialına malik Türkiyənin formalaşması bir əsrdən artıq tarixi iradənin nəticəsidir.