TRIPP "savaşı": Cənubi Qafqaz uğrunda YENİ GEOSİYASİ QARŞIDURMA
İranın “Tramp yolu” – TRIPP layihəsi ətrafında sərtləşən mövqeyi təsadüfi deyil. Tehran üçün məsələ sadəcə Ermənistan ərazisindən keçəcək yeni nəqliyyat xətti deyil. Söhbət İran sərhədlərinin yaxınlığında yaranacaq yeni geosiyasi və təhlükəsizlik arxitekturasından gedir. Xüsusilə ABŞ faktorunun prosesə daxil olması İranın narahatlığını daha da artırır. Çünki Vaşinqtonun Cənubi Qafqazda iqtisadi layihə adı altında strateji mövcudluğunun genişlənməsi Tehran tərəfindən birbaşa təhlükəsizlik problemi kimi qəbul edilə bilər.
Əgər İranın TRIPP-in təhlükəsizliyi ilə bağlı Ermənistan və ya üçüncü ölkə qüvvələrinin iştirakını tələb etdiyi barədə məlumatlar təsdiqlənərsə, bu, Tehranın layihəni tamamilə bloklamaqdan çox, onun təhlükəsizlik modelinə müdaxilə etmək niyyətini göstərir. Başqa sözlə, İran reallıqla hesablaşmağa başlayır, lakin həmin reallığın ABŞ tərəfindən formalaşdırılmasına qarşı çıxır. Burada Rusiyanın adının çəkilməsi də təsadüfi görünmür. Moskvanın Ermənistan ərazisində təhlükəsizlik mexanizmlərində rol alması Vaşinqtonun regiondakı təsir imkanlarını məhdudlaşdıra biləcək əsas vasitələrdən biri hesab olunur.
Əslində, TRIPP ətrafındakı qarşıdurma Cənubi Qafqazın gələcək təhlükəsizlik modelinə dair mübarizənin yeni mərhələsidir. ABŞ bu layihə vasitəsilə regionda iqtisadi və strateji iştirakını gücləndirmək imkanına sahib olur. Rusiya özünün Cənubi Qafqazdakı əvvəlki təsir imkanlarını qorumağa çalışır. İran isə həm ABŞ-nin, həm də digər regional güclərin sərhədlərinə yaxınlaşmasından ehtiyat edir. Ermənistan isə bütün bu qüvvələrin maraqlarının kəsişdiyi əsas coğrafi məkanlardan birinə çevrilir.
Tehranın narahatlığının başqa bir səbəbi də Zəngəzur istiqamətində kommunikasiya imkanlarının genişlənməsinin regionun geosiyasi xəritəsini dəyişdirə bilməsidir. İran uzun illərdir Ermənistanla olan sərhədini Cənubi Qafqazdakı əsas strateji bağlantılarından biri kimi qiymətləndirir. Yeni kommunikasiya xəttinin təhlükəsizlik komponentində ABŞ-nin iştirakı isə Tehranın həmin sərhədə münasibətdə özünü daha həssas hiss etməsinə səbəb ola bilər. Bu baxımdan İranın sərt reaksiyasını yalnız nəqliyyat məsələsi kimi təqdim etmək düzgün olmaz.
Lakin burada Tehranın qarşısında ciddi dilemma dayanır. TRIPP artıq sadəcə siyasi bəyanatlar səviyyəsində müzakirə edilən layihə deyil. Tərəflər arasında sənədləşmə və təşkilati proseslər aparılıb, layihənin icrası istiqamətində konkret addımlar atılıb. Bu mərhələdən sonra İranın layihənin qarşısını tamamilə almağa çalışması onun regiondakı diplomatik imkanlarını məhdudlaşdıra bilər. Buna görə də Tehran üçün daha real strategiya layihəni dayandırmaq deyil, onun şərtlərinə mümkün qədər təsir etməkdir.
Burada Ermənistanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. İrəvan bir tərəfdən ABŞ ilə strateji yaxınlaşmasını dərinləşdirir, digər tərəfdən İranla münasibətlərinin pozulmasında maraqlı deyil. Ermənistanın qarşısında faktiki olaraq iki fərqli təhlükəsizlik yanaşması dayanır: Qərbin təqdim etdiyi yeni model və regionda hələ də ciddi təsir imkanlarına malik Rusiya-İran xətti. İrəvanın hansı istiqamətdə daha ciddi addımlar atacağı TRIPP-in gələcək təhlükəsizlik mexanizminə də birbaşa təsir göstərə bilər.
Azərbaycan üçün isə məsələnin əsas mahiyyəti dəyişmir: regionda kommunikasiyaların açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin olunması strateji əhəmiyyət daşıyır. Bu baxımdan TRIPP ətrafında yaranan siyasi gərginlik Azərbaycanın regional nəqliyyat layihələrinə yanaşmasını dəyişdirmir. Əksinə, proses göstərir ki, Azərbaycanın irəli sürdüyü kommunikasiya gündəliyi artıq yalnız Bakı ilə İrəvan arasındakı münasibətlərin mövzusu deyil, böyük dövlətlərin də hesablaşdığı regional məsələdir.
Ən maraqlı məqam isə budur ki, TRIPP ətrafında mübarizə layihənin özündən daha çox onun “kim tərəfindən qorunacağı” sualına çevrilə bilər. Təhlükəsizliyi kim təmin edəcək? ABŞ, Rusiya, Ermənistan, yoxsa ayrıca beynəlxalq mexanizm? Bu sualın cavabı Cənubi Qafqazda növbəti illərin güc balansına ciddi təsir göstərə bilər. Çünki nəqliyyat xəttinin təhlükəsizlik təminatçısı faktiki olaraq həmin ərazidə siyasi təsir imkanına da sahib olacaq.
Qənaətimə görə, İranın əsas məqsədi TRIPP-i hər vəchlə sıradan çıxarmaq deyil, ABŞ-nin bu layihə üzərindən İran sərhədlərinə yaxın strateji mövqe qazanmasının qarşısını almaqdır. Buna görə qarşıdakı mərhələdə Tehran diplomatik təzyiqləri artıracaq, Ermənistanla danışıqlarda təhlükəsizlik amilini ön plana çıxaracaq və Rusiyanın prosesdə rolunun saxlanmasına çalışacaq. Lakin TRIPP-in artıq keçdiyi siyasi mərhələ nəzərə alınarsa, layihənin tamamilə dayandırılması ehtimalı getdikcə azalır. Əsas savaş bundan sonra layihənin mövcud olub-olmaması yox, onun hansı güc balansı daxilində fəaliyyət göstərəcəyi uğrunda gedəcək.
TRIPP Cənubi Qafqazda yeni geosiyasi savaşın simvoluna çevrilir. ABŞ üçün bu, regiona qayıdış və strateji mövcudluğu gücləndirmək imkanıdır. Rusiya üçün itirilən təsiri qorumaq məsələsidir. İran üçün sərhədlərinin yaxınlığında arzuolunmaz təhlükəsizlik arxitekturasının yaranması riskidir. Ermənistan üçün isə böyük güclər arasında manevr etmək cəhdidir. Azərbaycan baxımından isə proses regionda kommunikasiyaların açılması və yeni geoiqtisadi reallığın formalaşması deməkdir. Bu səbəbdən TRIPP ətrafında bundan sonra baş verəcək hər bir addım sadəcə nəqliyyat layihəsi kimi deyil, Cənubi Qafqazın gələcək siyasi xəritəsinə təsir edən strateji hadisə kimi qiymətləndirilməlidir./bakivaxti.az