Trampın bu VİDEOSU saxta çıxdı - Ekspert deyir ki...
ABŞ prezidenti Donald Tramp İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xark adasının məhv edildiyini göstərən video yayıb. Tramp videonu özünün “Truth Social” hesabında paylaşaraq “Xark adası darmadağın edilir!” sözlərini yazıb.
Hurriyyet.media xəbər verir ki, kadrlarda adadakı neft obyektlərində və tankerlərdə güclü partlayışların baş verdiyi göstərilir.
ABŞ prezidenti paylaşımında əməliyyatı kimin həyata keçirdiyini, hücumun nə vaxt başladığını və hansı silahlardan istifadə olunduğunu açıqlamayıb. Lakin yoxlama aparılıb və görüntünün real döyüş kadrları deyil, süni intellekt vasitəsilə hazırlanmış material olduğunu üzə çıxıb.
“Reuters” agentliyi görüntüləri süni intellektlə manipulyasiya olunmuş materialları aşkarlayan xüsusi proqram təminatı vasitəsilə yoxlayıb. Nəticədə videonun böyük ehtimalla sintetik üsulla hazırlandığı müəyyənləşdirilib. Paylaşımdan bir neçə saat keçməsinə baxmayaraq, Xark adasına hərbi hücum təşkil edildiyini göstərən hər hansı etibarlı dəlil ortaya çıxmayıb. Ağ Ev və ABŞ Müdafiə Nazirliyi də “Reuters”in sorğularına dərhal cavab verməyib. İran mediasında adaya hücum və dağıntılar barədə təsdiqlənmiş məlumat yayılmayıb.
Bununla belə, bölgədə real hərbi qarşıdurma davam edir. ABŞ qüvvələrinin bundan əvvəl İranın Larak adasındakı iki raket qurğusunu vurduğu bildirilib. ABŞ tərəfi həmin qurğuların Hörmüz boğazına raket və dəniz minaları yerləşdirməyə hazırlandığını iddia edib. Ancaq Larak adasına zərbə ilə Trampın videosunda göstərilən Xark adası eyni yer deyil.

Xark adası İran üçün həyati strateji əhəmiyyət daşıyır. Müharibədən əvvəl ölkənin neft ixracının təxminən 90 faizi bu ada üzərindən həyata keçirilirdi. Xarka real hücum İranın enerji ticarətinə ağır zərbə vura, dünya neft bazarında qiymətləri yüksəldə və bölgədəki müharibəni daha təhlükəli mərhələyə keçirə bilərdi.
Sözügedən videonun saxta çıxması müharibələrdə süni intellektin yeni informasiya silahına çevrildiyini bir daha göstərir. Xüsusilə, yüksək səviyyəli dövlət rəsmilərinin paylaşdığı görüntülərin cəmiyyət tərəfindən avtomatik olaraq həqiqət kimi qəbul edilməsi yanlış məlumatların təsirini daha da artırır. Ekspertlər belə hallarda görüntünün mənbəyinin, çəkiliş vaxtının və digər müstəqil məlumatlarla uyğunluğunun yoxlanılmasının vacibliyini vurğulayırlar. Xark adası ilə bağlı yayılan saxta görüntü də müharibə şəraitində informasiya təhlükəsizliyinin hərbi təhlükəsizlik qədər əhəmiyyətli olduğunu ortaya qoyur.
Mövzunu yerli mütəxəssislə də müzakirə etdik.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Musavat.com-a şərhində bildirdi ki, süni intellekt vasitəsilə yaradılmış saxta görüntülərin (deepfake), xüsusilə yüksək səviyyəli siyasətçilər və liderlər tərəfindən yayılması qlobal təhlükəsizlik və informasiya müharibəsi kontekstində yeni və təhlükəli bir mərhələdir:
“Xark adası ilə bağlı yayılan sintetik video sübut edir ki, texnologiya artıq hərbi-siyasi manipulyasiyaların əsas alətinə çevrilib və bu cür hallarla mübarizə yalnız təkrar yoxlama mexanizmləri ilə deyil, çoxqatlı ekosistem yanaşmasıyla aparılmalıdır. Məsuliyyət məsələsinə gəldikdə, bu, birtərəfli deyil, həm yaradanı, həm də yayanı əhatə edən müştərək bir yük olmalıdır. “Meta” şirkətinin “məsuliyyəti yayan daşıyır” yanaşması istifadəçilərin rəqəmsal gigiyenasını artırmağa hesablanıb, lakin milyonlarla izləyicisi olan liderlərin və platformaların özlərinin də bu cür məzmunların yayılmasındakı rolunu istisna etmir. Məzmunu hazırlayanlar və ya istifadə etdikləri alətlər məcburi rəqəmsal su nişanları (məsələn, C2PA standartları) və ya açıq “AI-generated” etiketləri ilə təmin edilməli, yayanlar (xüsusən ictimai fiqurlar) isə mənbəni yoxlamadan kütləvi auditoriyaya təqdim etdiklərinə görə etik və hüquqi məsuliyyət daşımalıdırlar. Mübarizə strategiyası texnoloji və tənzimləyici tədbirlərin vəhdətindən ibarət olmalıdır. Bir tərəfdən, sosial media platformaları sintetik materialları real vaxt rejimində aşkar edən avtomatlaşdırılmış filtrasiya sistemləri və sərt etiketləmə mexanizmləri tətbiq etməlidirlər. Digər tərəfdən, dövlətlər səviyyəsində süni intellektlə yaradılmış manipulyativ dezinformasiyanın yayılmasına qarşı tənzimləyici çərçivələr və hüquqi məsuliyyət mexanizmləri gücləndirilməlidir”.
Ekspert qeyd etdi ki, əgər məzmunun doğruluğuna tam əminlik yoxdursa, tətbiq ediləcək əsas prinsip “şübhən varsa, paylaşma!” olmalıdır:
“İstifadəçilər və media nümayəndələri hər hansı şokedici və ya qeyri-adi hərbi-siyasi videonu paylaşmazdan əvvəl rəsmi agentliklərin təkzib və ya təsdiqlərini gözləməli, təsvirin tərs axtarışı (reverse image/video search) və xüsusi detektorlardan istifadə etməlidirlər. Cəmiyyətdə media savadlılığının və rəqəmsal düşüncə tərzinin artırılması bu cür psixoloji təzyiq və manipulyasiyalara qarşı ən güclü immun sistemidir”.