Tramp-Putin anlaşması - Ukrayna üçün hansı qərar hazırlanır?
Birləşmiş Ştatların Moskva və Kiyev arasında diplomatik xətti yenidən hərəkətə gətirməsi Ukrayna müharibəsinin taleyi ilə bağlı yeni suallar yaradıb. İntensivləşən diplomatik təmasların ardınca ABŞ rəhbəri Donald Tramp və Kreml sahibi Vladimir Putin arasında ötən gün baş tutan telefon danışığı prosesə əlavə siyasi çalarlar qatıb. Tramp müharibənin mümkün qədər tez başa çatmasını və bunun ardınca ABŞ-Rusiya münasibətlərinin bərpasını istədiyini bildirib. Putin də Vaşinqtonun sülh səylərini müsbət dəyərləndirib. Ancaq bütün bunların fonunda cəbhədə döyüşlərin davam etməsi, Kiyevin yeni hava hücumundan müdafiə sistemləri tələb etməsi və Moskva ilə Kiyev arasında ərazi və təhlükəsizlik məsələlərində dərin fikir ayrılıqlarının qalması göstərir ki, diplomatik nikbinlik hələ real sülh demək deyil.
Tramp-Putin dialoqu Ukrayna müharibəsinin sonuna aparan yolun başlanğıcıdır? Putin güzəştə gedəcəkmi? Zelenski ABŞ-ın yeni təkliflərini qəbul edəcəkmi?
Siyasi şərhçi Azər Hüseynov Musavat.com-da prosesləri bu cür şərh etdi: "Hələ savaş yeni başladığı zaman dəfələrlə ifadə etmişdim ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə uzandıqca Qərb müəyyən mərhələdə Ukraynanı çox çətin vəziyyətdə qoyacaq. Çünki zaman keçdikcə Qərbin özünün də ciddi regional problemləri meydana çıxır. Bu gün xüsusilə ABŞ-ın İranla arasında yaşanan ciddi hərbi qarşıdurma diqqəti və resursları başqa istiqamətlərə yönəldir. Münaqişə müəyyən qədər səngisə belə, onun yaratdığı siyasi və hərbi təsirlər davam edir. Bu baxımdan Ukraynanın müəyyən güzəştlərə vadar edilməsi istiqamətində fəaliyyətlərin artıq ortada olduğunu düşünürəm. Hazırda ABŞ vasitəçilərinin həm Moskva, həm də Kiyevlə danışıqlar aparması da bunu göstərir. Lakin son görüşlərdə hələlik konkret nəticə əldə olunmayıb və tərəflər xüsusilə ərazi məsələsində ciddi şəkildə ayrılırlar. Hesab edirəm ki, Ukraynada hansı hakimiyyətin olmasından asılı olmayaraq, ölkənin ərazi itkilərini rəsmi şəkildə qəbul etməsi olduqca çətin olacaq. Çünki belə bir qərar həmin hakimiyyətin tarixə çox ağır şəkildə düşməsinə səbəb ola bilər. Bu səbəbdən Ukrayna rəhbərliyinin ciddi ərazi güzəştlərinə razılıq verməsi daxili siyasi baxımdan da böyük risk daşıyır. Ona görə də danışıqların davam edəcəyini düşünürəm".
Ekspert dedi ki, ancaq bu danışıqların ilkin mərhələdə daha çox münaqişənin gərginliyini azaltmağa, müəyyən humanitar və hərbi məsələlər üzrə razılaşmalar əldə etməyə xidmət etməsi mümkündür: "Yəni tərəflərin görüşməsi hələ müharibənin köklü şəkildə başa çatacağı anlamına gəlmir. Hazırkı vəziyyətdə mən danışıqların yaxın perspektivdə fundamental siyasi razılaşmaya gətirib çıxaracağına dair böyük ümid görmürəm. Əksinə, daha real görünən ssenari əvvəlcə müəyyən atəşkəs və gərginliyin azaldılması mexanizmlərinin formalaşdırılması, daha sonra isə əsas siyasi və ərazi məsələlərinin müzakirəsinin davam etdirilməsidir. Çünki bu münaqişədə əsas problem təkcə döyüşlərin dayandırılması deyil. Əsas məsələ ondan ibarətdir ki, Rusiya öz təhlükəsizlik və ərazi tələblərindən, Ukrayna isə ərazi bütövlüyü və təhlükəsizlik məsələsində mövqeyindən nə dərəcədə geri çəkiləcək. Hazırda məhz bu məsələlər üzrə tərəflər arasında ciddi fikir ayrılığı qalır".