Torpağın üstündə yeni həyat, altında ölüm: Qarabağ minalardan nə vaxt xilas olacaq?
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam etdiyi bir vaxtda mina təhlükəsi yenidən gündəmin əsas məsələlərindən birinə çevrilib. Sentyabrın 5-də Ağdam rayonunun Çəmənli-Sarıcalı kəndləri ərazisində minalardan təmizlənməmiş sahədə traktorun minaya düşməsi nəticəsində sürücü Elmdar Sarıyev xəsarət alıb. Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Qarabağda mina təhlükəsinin tam aradan qaldırılması üçün daha hansı addımlar atılmalıdır? Ermənistanın vaxtilə basdırılmış minalarla bağlı məlumatları təqdim etməsi prosesə nə qədər kömək edə bilər? Qarabağın tam təhlükəsiz əraziyə çevrilməsi üçün beynəlxalq ictimaiyyət Azərbaycana dəstəyini necə artırmalıdır? İllərdir torpağın altında gizlənən bu ölümcül təhlükədən Qarabağın tamamilə azad edilməsi nə vaxt mümkün olacaq?
"Qarabağda mina problemi artıq təkcə təhlükəsizlik məsələsi deyil. Bu, insanların həyatına, Böyük Qayıdışa, bərpa-quruculuq işlərinə, kənd təsərrüfatının və bütövlükdə regionun iqtisadi potensialının reallaşdırılmasına birbaşa təsir edən ciddi problemdir. Azərbaycan torpaqları işğaldan azad edib, indi isə həmin torpaqların altında gizlədilmiş ölüm təhlükəsini aradan qaldırmaq məcburiyyətindədir".

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun fikrincə, mina partlayışlarının hələ də baş verməsi problemin miqyasını göstərir: "Söhbət ayrı-ayrı təsadüfi hadisələrdən getmir. Minatəmizləmə əməliyyatları zamanı yüzlərlə mina və partlamamış hərbi sursatın aşkarlanması göstərir ki, Azərbaycan uzun illər davam edəcək çox mürəkkəb və bahalı proseslə üz-üzədir. Burada hər təmizlənən hektar sadəcə torpaq sahəsi deyil, sabah salınacaq kənd, çəkiləcək yol, əkiləcək sahə və doğma yurduna qayıdacaq ailə deməkdir. Məhz buna görə Ermənistanın minalanmış ərazilərlə bağlı əlində olan bütün məlumatları Azərbaycana təqdim etməsi son dərəcə vacibdir. Söhbət siyasi jestdən deyil, insan həyatından gedir. Dəqiq və etibarlı məlumatların verilməsi minatəmizləmə işlərini sürətləndirə, yeni insan itkilərinin qarşısını ala və böyük ərazilərin daha qısa müddətdə təhlükəsiz istifadəyə verilməsinə kömək edə bilər. Burada beynəlxalq ictimaiyyətin mövqeyi də daha prinsipial olmalıdır. Mina problemi haqqında ümumi bəyanatlar vermək kifayət deyil. Azərbaycan real texniki, maliyyə və ekspert dəstəyinə ehtiyac duyur. Müasir minaaxtaran texnologiyaların, xüsusi texnikanın, dronların, süni intellekt əsaslı aşkarlama sistemlərinin tətbiqinin genişləndirilməsi, mütəxəssislərin hazırlanması və beynəlxalq maliyyələşmənin artırılması prosesi əhəmiyyətli dərəcədə sürətləndirə bilər".
Deputat onu da diqqətə çatdırdı ki, burada məsələnin başqa mühüm tərəfi Böyük Qayıdışdır: "Yeni şəhərlər və kəndlər tikmək mümkündür, yolları, məktəbləri, xəstəxanaları qısa müddətdə inşa etmək olar. Amma insanın öz torpağına təhlükəsiz ayaq basa bilməsi bütün bunlardan əvvəl gəlir. Buna görə minatəmizləmə Böyük Qayıdış proqramının sadəcə bir elementi deyil, onun əsas təhlükəsizlik şərtlərindən biridir. Təmizlənən hər yeni ərazi qayıdış coğrafiyasını genişləndirir. Azərbaycan bu istiqamətdə böyük resurs və imkanlar səfərbər edib. Lakin dünyanın ən ciddi mina problemlərindən biri ilə üzləşmiş ölkənin bu yükü təkbaşına daşıması ədalətli yanaşma deyil. Münaqişələrin humanitar nəticələrindən danışan beynəlxalq institutlar Qarabağdakı mina təhlükəsinə də eyni həssaslığı göstərməlidirlər. Burada siyasi seçim və ikili standart üçün yer olmamalıdır. Qarabağın nə vaxt tamamilə minasız əraziyə çevriləcəyi barədə konkret tarix vermək çətindir. Çünki onilliklər ərzində basdırılmış minaların dəqiq sayı və yerləşdiyi bütün sahələr barədə tam məlumat yoxdur. Ancaq bir məsələ aydındır ki, Azərbaycan bu prosesi yarımçıq qoymayacaq. Qarabağ yalnız işğaldan deyil, işğalın torpağın altında qoyduğu ölüm mirasından da tam azad ediləcək. Əslində, Qarabağda bu gün gedən prosesin çox simvolik mənası var: Azərbaycan torpağın üstündə yeni həyat qurur, torpağın altından isə keçmiş münaqişənin ölüm izlərini təmizləyir. Qarabağın gələcəyi minalarla deyil, oraya qayıdan insanların həyatı, quruculuğu və yaratdığı yeni reallıqla müəyyən olunacaq".