Torpağa basdırılmış 170 MİLYON MANATLIQ xəzinə üzə çıxdı
Nasist təhlükəsindən qorumaq üçün torpağa basdırılan və 50 ildən çox müddət sonra üzə çıxarılan 15 min parçadan ibarət “Səyyah kolleksiyası” İsveçrədə hərraca çıxarılıb. Tarixi sikkələrdən ibarət kolleksiyanın ümumi dəyərinin 100 milyon dolları, yəni təxminən 170 milyon manatı keçəcəyi gözlənilir.
Hurriyyet.media xəbər verir ki, kolleksiya 1920-ci illərin sonu və 1930-cu illər ərzində adı açıqlanmayan avropalı bir kolleksiyaçı tərəfindən toplanıb.
1929-cu il maliyyə böhranından sonra külçə qızıl və nadir sikkələr toplamağa başlayan kolleksiyaçı 1930-cu illərin sonunda nasist təhlükəsinin artması ilə qiymətli əşyaları ölkə sərhədindən çıxarmaq əvəzinə gizlətmək qərarına gəlib.
Sikkələr siqar qutularına və kağız zərflərə yerləşdirildikdən sonra metal sandıqlara qoyularaq kolleksiyaçının mülkündə torpağa basdırılıb.
Kolleksiyaçının müharibə illərində keçirdiyi insultdan sonra vəfat etməsi ilə xəzinənin yeri uzun müddət gizli qalıb. Ailə üzvləri 1990-cı illərdə kolleksiyaçının həyat yoldaşının göstərişi ilə aparılan qazıntılar zamanı sandıqları tapıblar.
Daha sonra sikkələr təhlükəsiz anbarlara köçürülüb. Kolleksiyanın bəzi hissələrinin üç fərqli qitədə müxtəlif məkanlarda saxlanıldığı da müəyyən edilib.
Numismatica Ars Classica (NAC) mütəxəssisləri kolleksiyanı 2022-ci ildən araşdırmağa başlayıb. Kataloqlaşdırma və qiymətləndirmə prosesi 15 aydan çox davam edib.
Kolleksiyaçının saxladığı ətraflı alış qeydləri sayəsində sikkələrin XIX əsrə qədər uzanan mülkiyyət və tacir tarixçəsini təsdiqləmək mümkün olub.
Mütəxəssislər bildiriblər ki, kolleksiyadakı bir çox sikkə 80 ildən artıqdır ictimaiyyətə nümayiş etdirilməyib və bəziləri hərraca ilk dəfə çıxarılıb.
Kolleksiyanın satışı 20 may 2025-ci ildə Sürixdə keçirilən 155-ci hərracla başlayıb.
Kolleksiyanın ən diqqətçəkən nümunələrindən biri 1629-cu ildə Praqada Müqəddəs Roma İmperatoru III Ferdinandın adına zərb edilən 100 dukatlıq qızıl sikkə olub.
Çəkisi 348,5 qram olan sikkə 6 noyabr 2025-ci ildə keçirilən 162-ci hərracda alıcı komissiyası nəzərə alınmadan təxminən 2,2 milyon dollara, yəni 106 milyon manata satılıb.
Kolleksiyada Britaniya kral sikkələri, Mərkəzi, Şərqi və Şimali Avropaya aid nümunələrlə yanaşı, Qacarlar sülaləsi dövrünə məxsus nadir İran tümənləri də yer alır.
Kolleksiyanın satışının regional və tematik hərraclar şəklində mərhələli şəkildə davam etdiriləcəyi bildirilir.