Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı - Qanun dəyişir
Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qanuna dəyişiklik olunur.
Hurriyyet.media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində bu Məcəllənin 99-4.1.1-99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər (hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs) xidməti vəzifələrinin icrası ilə əlaqədar bu Məcəllənin 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti (Terrorçuluğu maliyyələşdirmə) törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.
Qeyd edilib ki, təqdim olunan qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanıb.
Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi deyil, həmçinin terror fəaliyyətində istifadə edilə biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirə edilməsindən ibarətdir.
Terrorizmin maliyyələşdirilməsi üçün istifadə edilmiş və ya bu məqsədlə ayrılmış vəsaitlərlə cinayət yolu ilə əldə edilmiş gəlirlər arasında hüquqi fərq nəzərə alınmalıdır.