📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təmirinə pul ayrılan məktəbdən üzücü görüntülər... – ƏKSƏR SİNİF OTAQLARI TƏMİRSİZ VƏZİYYƏTDƏDİR / VİDEO

2026-09-11 15:40:09

Təmirinə pul ayrılan məktəbdən üzücü görüntülər... – ƏKSƏR SİNİF OTAQLARI TƏMİRSİZ VƏZİYYƏTDƏDİR / VİDEO

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 79 ünvanında yerləşən “Ankara məktəbi” məktəb-liseyinin bəzi valideynləri tərəfindən Hurriyyet.media-nın redaksiyasına şikayət daxil olub. Valideynlər saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırova müraciət edirlər:

Hörmətli Mehriban xanım!

Cənab Nazir!

Biz, “Ankara məktəbi” məktəb-liseyinin bəzi valideynləri olaraq, təhsil müəssisəsində mövcud olan vəziyyətlə bağlı narahatlığımızı diqqətinizə çatdırmaq istəyirik. Liseyin ümumi vəziyyəti qənaətbəxş deyil və məktəbin bir sıra sinif otaqlarının ciddi təmirə ehtiyacı var.

Bildiyimizə görə, məktəbin təmiri üçün dövlət tərəfindən müəyyən vəsait ayrılıb. Lakin bu vəsait hesabına yalnız bir neçə sinif otağında təmir işləri aparılıb, digər siniflər isə əvvəlki kimi baxımsız vəziyyətdə qalıb. Təmir işləri aparılan siniflərə elektron lövhə qoyulub.

Məktəbin digər sinif otaqlarının vəziyyəti arasında ciddi fərq müşahidə olunur. Əgər məktəbimizin təmiri üçün müəyyən bir məbləğ ayrılıbsa, necə olur ki, bəzi siniflər tam təmir olunub, qalanlarına isə tamailə baxılmayıb.

Sinif otaqları yaman günündə olan məktəbin sanitar qovşaqları və digər ümumi istifadə sahələrinin də vəziyyətinin araşdırılmasına ehtiyac var. Çünki şagirdlərin sağlam və təhlükəsiz mühitdə təhsil alması üçün məktəbin bütün infrastrukturunun lazımi səviyyədə saxlanılması vacibdir.

Biz, valideynlər olaraq, aidiyyəti dövlət qurumlarından məktəbdə təmir işlərinin aparılması üçün ayrıldığı bildirilən vəsaitin necə və hansı istiqamətlərdə xərcləndiyinin araşdırılmasını, məktəbin ümumi texniki və sanitariya vəziyyətinin yerində yoxlanılmasını xahiş edirik. Ümid edirik ki, müraciətimiz diqqətdən kənarda qalmayacaq və şagirdlərin daha yaxşı, təhlükəsiz və sağlam təhsil mühitində təhsil alması üçün müvafiq tədbirlər görüləcək”.

Valideynlər irəli sürdükləri fikirləri təsdiqləmək məqsədilə məktəbdəki vəziyyəti əks etdirən video görüntüləri də redaksiyamıza təqdim ediblər. Şikayətçilər aidiyyəti şəxslərdən məsələyə həssaslıqla yanaşmağı, məktəbdə yaranmış vəziyyətin araşdırılmasını və nəticə barədə ictimaiyyətə məlumat verilməsini xahiş edirlər.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qeyd edək ki, sözügedən şikayətlə bağlı məktəb rəhbərliyi ilə əlaqə saxlamağımız mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.