“Süni intellektlə mahnı yaratmaq şərəf gətirmir” - Xalq artistindən ÇAĞIRIŞ
Süni intellektin sürətli inkişafı musiqi sənayesində də ciddi dəyişikliklərə səbəb olur. Artıq süni intellekt vasitəsilə mahnı sözləri yazmaq, musiqi bəstələmək, aranjeman hazırlamaq, hətta müəyyən səsləri təqlid edərək mahnı ifa etmək mümkündür.
Türkiyəli müğənni Rafet El Roman isə süni intellektlə hazırlanan mahnıların musiqiçilər üçün yaratdığı problemlərdən danışıb. Sənətçi son aylarda müəllif gəlirlərinin və mahnılarının baxış saylarının azaldığını bildirib. Azərbaycanda da sənətçilər artıq süni intellektlə hazırlanan musiqiyə münasibətlərini açıq şəkildə ifadə etməyə başlayıblar.

Müğənni Xatirə İslam avtomobilində olarkən radioda süni intellektlə hazırlanmış mahnının səsləndirildiyini eşidib və buna təəccübləndiyini bildirib. Xatirə İslam məsələyə ironik yanaşaraq deyib: “Ölmədik, bu günləri də gördük. Artıq radiolarda süni intellektlə hazırlanmış mahnıları da səsləndirirlər. Təbrik edirəm sizi, əladır. Belə də davam edin, əla olacaq, belə davam etsəniz”.
Bəs həqiqətən süni intellekt gələcəkdə musiqiçiləri, bəstəkarları, ifaçıları və aranjimançıları sıradan çıxara bilərmi?
Xalq artisti, bəstəkar Faiq Sücəddinov Musavat.com-a bildirib ki, şəxsən süni intellektdən istifadə etməyə ehtiyac duymur və onun insan yaradıcılığını əvəz edə biləcəyini düşünmür: "Süni intellektdən qorxmuram. Özüm musiqimi yazıram, öz instrumental əsərlərimi yaradıram və süni intellektə heç bir ehtiyacım yoxdur. Açığı, onun necə işlədiyini də bilmirəm, maraqlanmıram da. Kimsə özünü süni intellektlə sınamaq istəyirsə, bu, onun seçimidir. Məsələ ondadır ki, texniki işlərdə süni intellekt müəyyən qədər insanı əvəz edə bilər. Amma gözəl musiqi yazmaq məsələsində – istər opera, istər simfonik əsər, istər orkestrovka, istər mahnı, istərsə də başqa bir janrda – insan yaradıcılığını əvəz etmək mümkün deyil. Üzeyir bəyin gözəl əsərlərini, “Koroğlu”nu, “Sevil”i, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, bizim romanslarımızı, muğamlarımızı süni intellekt necə və nə ilə əvəz edə bilər?”
“Mən 1984-cü ildə “Məni unutsa”nı yazmışam, bu gün də oxuyurlar. “Vətəndən pay olmaz”ı 1990-cı ildə yazmışam, hələ də oxunur. Bu əsərləri süni intellektə salıb müəyyən oxşarlıq yaratmaq mümkündür. Amma həmin əsərin özünü, onun ruhunu və yaratdığı təsiri süni intellekt verə bilməz. Kiminsə süni intellektə ehtiyacı varsa, bu, başqa məsələdir. Qoy istifadə etsin. Amma hər bir ifaçı çalışmalıdır ki, onun oxuduğu əsər tarixdə qalsın. Təəssüf ki, indi elə mahnılar var ki, oxunur və bir müddət sonra unudulur. Süni intellektlə belə bir şey yaratmaq insana şərəf gətirmir”, - bəstəkar qeyd edib.