📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid ailələri Şuşadakı yazılardan narazıdır: “Bu, ehtiram deyil”

2026-09-04 20:34:55

Şəhid ailələri Şuşadakı yazılardan narazıdır: “Bu, ehtiram deyil”

Şuşada bəzi qaya və daşların üzərinə şəhid adlarının yazılması ilə bağlı görüntülər ictimai müzakirə yaradıb. Məsələyə münasibət bildirən şəhid ailələri də şəhidlərin xatirəsinin daha sistemli və dövlət səviyyəsində əbədiləşdirilməsinin vacibliyini vurğulayırlar.

Şəhid Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova Modern.az-a açıqlamasında bildirib ki, şəhidlərin adlarının ayrı-ayrı daşlara, qayalara və müxtəlif əşyalara yazılmasını düzgün hesab etmir.

Onun sözlərinə görə, şəhid adının əbədiləşdirilməsi dövlət tərəfindən müəyyən edilmiş və vahid yanaşma əsasında həyata keçirilir:

“Əgər bir şəhidə dövlət tərəfindən şəhid statusu verilibsə, onun adı müxtəlif formalarda əbədiləşdirilir. Küçəyə, məktəbə, hansısa müəssisəyə adı verilə, park, memorial kompleks yaradıla bilər. Zaman keçdikcə hər bir şəhidin adını ayrıca qayaya, daşa və ya başqa bir obyektə yazmaq mümkün deyil”.

Gülşən Rəhimova ötən il Çanaqqalaya səfərini nümunə göstərib. O bildirib ki, orada şəhidlərin xatirəsi ümumi memorial yanaşma ilə qorunur:

“Çanaqqalada türk şəhidlərinin ümumi abidəsini gördük. Azərbaycan şəhidlərinə də abidə qoyulmuşdu. Orada hər şəhid üçün ayrıca ‘bu onun daşıdır, bu onun məzarıdır’ yanaşması yox idi. Hər şey ümumi, standart və çox səliqəli idi. Dünyanın müxtəlif ölkələrindən turistlər gəlir, oranı ziyarət edir, çəkir, paylaşır və bununla həmin tarix yaşadılır”.

Şəhid xanımının fikrincə, Qarabağ müharibəsində şəhid olanların xatirəsi də daha çox ümumi memoriallar, parklar və vahid siyahılar vasitəsilə yaşadılmalıdır.

“Əgər hansısa parkda, muzeydə və ya memorial kompleksdə 44 günlük Vətən müharibəsi, Aprel döyüşləri və antiterror tədbirləri zamanı şəhid olanların adları ümumi şəkildə yerləşdirilərsə, bu başadüşüləndir. Amma gedib ayrıca bir daşın, binanın və ya başqa obyektin üzərinə bir şəhidin adını yazmaq həm səliqəli görünmür, həm də düzgün yanaşma deyil”.

Gülşən Rəhimova vurğulayıb ki, şəhid yalnız ailəsinə məxsus deyil:

“Şəhid "mənimdir, özümündür" deyil. Şəhid ilk növbədə dövlətindir, xalqındır, millətindir. Elə buna görə də şəhidlərimizi Şəhidlər xiyabanlarında dəfn edirik ki, gələcək nəsillər də onları tanısın, ziyarət etsin və xatirələri ümumi şəkildə yaşadılsın”.

O, Şuşada qayalara yazılmış şəhid adlarını gördüyünü və bunu doğru hesab etmədiyini bildirib.

Gülşən Rəhimova şəxsi təcrübəsindən də nümunələr çəkib:

“Mənə bir dəfə Əkrəmin şəklini fincanın üzərinə vurmağı təklif etdilər. Razılaşmadım. Çünki həmin fincan sonra kimin əlinə düşəcək, sınacaqmı, itəcəkmi – bilinmir. Şəhid adını və şəklini belə xırda, təsadüfi əşyalar üzərində əbədiləşdirməyi doğru saymıram”.

Şəhid xanımı hesab edir ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi şəxsi təşəbbüslər və kustar üsullarla deyil, vahid və peşəkar yanaşma əsasında həyata keçirilməlidir:

“Mənə haradasa şəhid adı yazmaq, şəkil yerləşdirmək təklif olunanda ilk sualım bu olur ki, bunu dövlət ümumi şəkildə təşkil edirmi? Əgər edirsə, iştirak etmək olar. Amma ayrı-ayrı şəxslər bundan pul qazanmaq məqsədilə nəsə hazırlayıb harasa vururlarsa, bunu düzgün hesab etmirəm”.

Gülşən Rəhimovanın fikrincə, park və memoriallarda ümumi lövhələr yerləşdirilərək Aprel döyüşləri, Vətən müharibəsi və antiterror tədbirləri şəhidlərinin adlarının vahid şəkildə təqdim edilməsi daha səliqəli və layiqli yanaşmadır.

“Daşların üzərinə ayrı-ayrı adların yazılması nə mümkündür, nə də səliqəli görünür. Şəhidlərin xatirəsi ümumi, sistemli və ləyaqətli şəkildə qorunmalıdır”.
 

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva da Şuşada qaya və daşların üzərinə ad və şəkillərin yazılmasını düzgün hesab etmir.

O, saytımıza açıqlamasında bildirib ki, söhbətin şəhid adından və ya başqa addan getməsinin fərqi yoxdur, istənilən yazı və təsvir belə məkanlarda xoşagəlməz görüntü yaradır:

“Təsəvvür edin ki, öz evinizin divarında istənilən bir ad yazılıb və ya şəkil çəkilib. Bu sizə gözəl görünərmi? Xeyr. Söhbət Şuşa kimi həm yerli, həm də xarici turistlərin daim ziyarət etdiyi, tarixi və memarlıq baxımından xüsusi əhəmiyyət daşıyan şəhərdən gedirsə, belə görüntülər ümumiyyətlə qəbuledilməzdir”.

Şəhid xanımının sözlərinə görə, şəhid adının daş və qayaların üzərinə yazılması həmin şəxsə ehtiram əlaməti sayıla bilməz:

“Şəhidlər bizim qəhrəmanlarımızdır, Azərbaycanın Zəfər tarixinin simvollarıdır. Onların adlarının istənilən yerdə, şəxsi obyektlərdə, avtomobillərin üzərində və ya qayalarda yazılmasının tərəfdarı deyiləm. Qarabağa gedib hər qayanın, hər daşın üzərində şəhid adı görmək ehtiram göstəricisi deyil”.

O vurğulayıb ki, şəhidlərin xatirəsinin yaşadılması üçün rəsmi və ləyaqətli məkanlar mövcuddur:

“Şəhidlərin adlarının xüsusi muzeylərdə, xiyabanlarda, memoriallarda, abidələrdə və sərgilərdə yaşadılması tamam başqa məsələdir. Amma hər kəs gedib istədiyi yerdə bir ad yazsa, şəkil çəksə, bu, həm həmin şəhidin adına münasibət baxımından, həm də şəhərin görünüşü baxımından düzgün deyil. Mən bunu şəhid adına hörmətsizlik kimi qəbul edirəm”.

V. Əliyeva bildirib ki, o, şəhidlərin xatirəsinə münasibətdə emosional, lakin ölçülü və ləyaqətli yanaşmanın tərəfdarıdır.

Bu baxımdan toylarda şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsini və Dövlət Himninin səsləndirilməsini müsbət ənənə hesab etdiyini deyib:

“Məncə, toyun əvvəlində şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi çox gözəl təşəbbüsdür. Çünki həmin xoş günlərə görə borclu olduğumuz insanları anırıq. Amma şəhidlərin şəkillərinin elə formalarda təqdim olunmasının tərəfdarı deyiləm ki, həmin məqam bayramdan daha çox yas görüntüsü yaratsın”.

O bildirib ki, şəhidlərin xatirəsini yaşatmaqla onların adını və şəklini hər yerdə istifadə etmək arasında fərq qoyulmalıdır:

“Şəhid adı hər bir azərbaycanlının ürəyində yaşayır. Onu yaşatmaq üçün həmin adı hər daşın, hər divarın və hər əşyanın üzərinə yazmağa ehtiyac yoxdur”./modern.az