ŞƏHƏRLƏRDƏN KƏNDLƏRƏ QAYIDIŞ NECƏ MÜMKÜN OLA BİLƏR? – “Gənc görməlidir ki..."
İqtisadçı ekspert: “Regionda 600–700 manat maaşlı iş təklif edib gəncdən orada qalmasını gözləmək real deyil”
Regionlardan Bakıya və xarici əmək bazarlarına miqrasiya yalnız demoqrafik proses deyil. Gənc və əmək qabiliyyətli insanların bölgələri tərk etməsi yerli istehlakı, sahibkarlıq fəallığını, əmək bazarını və rayonların uzunmüddətli inkişaf imkanlarını zəiflədir. Əsas məsələ insanların hərəkət azadlığını məhdudlaşdırmaq deyil, regionda qalmağı və geri qayıtmağı iqtisadi baxımdan real seçimə çevirməkdir.
Mövzunun aktuallığını rəsmi göstəricilər də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk rübündə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1083,8 manat olduğu halda, Bakıda bu göstərici 1357,3 manat təşkil edib. Qax rayonunda isə orta aylıq əməkhaqqı 570,3 manat olub. Beləliklə, paytaxtdakı orta əməkhaqqı ölkə göstəricisindən təxminən 25 faiz, Qax rayonundakı səviyyədən isə 2,4 dəfə yüksək olub.
Əmək bazarındakı coğrafi təmərküzləşmə də diqqət çəkir. Dövlət Statistika Komitəsinin 2015–2022-ci illər üzrə məlumatları əsasında aparılmış hesablamaya görə, həmin dövrdə Azərbaycanda muzdla çalışanların sayı 236,2 min nəfər artıb. Bu artımın 216,4 min nəfəri, yaxud 91,6 faizi Bakı şəhərinin payına düşüb. Rəqəmlər göstərir ki, regionlardan paytaxta axının arxasında təkcə şəxsi seçim deyil, iş və gəlir imkanlarının ərazi üzrə qeyri-bərabər bölgüsü də dayanır.
Prezident İlham Əliyev də 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə genişmiqyaslı urbanizasiyanı, yəni kəndlərdən şəhərlərə axını mənfi meyil kimi qiymətləndirərək bildirib: “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır”.
Dövlət başçısının müəyyənləşdirdiyi bu istiqamət məsələnin mahiyyətini dəqiq ifadə edir: şəhərdən kəndə qayıdış çağırışla deyil, kəndlə şəhər arasındakı iqtisadi və sosial fərqlərin azaldılması ilə mümkün ola bilər. Regionda insanın ailəsini təmin edəcək gəlir, inkişaf perspektivi və keyfiyyətli xidmətlər yoxdursa, ondan orada qalmağı gözləmək real deyil.
Bu baxımdan, dövlət tibb müəssisələrində yeni əməkhaqqı mexanizminin tətbiqi və regionlarda çalışan həkimlər üçün əlavə ödənişlərin nəzərdə tutulması müsbət addım kimi qiymətləndirilə bilər. Baş həkim Zaur Yusifov Oxu.Az-a açıqlamasında bildirib ki, ayrı-ayrı sahələr üzrə nəzərdə tutulan artımlar gənc mütəxəssislərin regionlarda işləməyə marağını yüksəldə, ilkin səhiyyə və təcili tibbi yardım xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərə bilər. Bu nümunə göstərir ki, regionlara kadr axını ümumi çağırışlarla deyil, konkret maliyyə stimulları, adekvat iş şəraiti və peşəkar inkişaf imkanları ilə təmin oluna bilər.
Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı-ekspert Asif İbrahimov hesab edir ki, gənclərin regionlardan çıxması təkcə əhali azalması yaratmır, eyni zamanda bölgənin gələcək iqtisadi potensialını da zəiflədir: “Regiondan gedən insanla birlikdə onun əmək qabiliyyəti, istehlak tələbi, təşəbbüskarlıq potensialı və gələcək iqtisadi fəaliyyəti də həmin ərazidən çıxır. Beləliklə, özünü gücləndirən mənfi dövrə yaranır: əhali azalır, tələb zəifləyir, biznesin bazarı daralır, yeni iş yerlərinin yaradılması çətinləşir və bu da növbəti miqrasiya dalğasını təşviq edir.
Bu proses uzun müddət davam etdikdə bəzi rayonlar yalnız əhali deyil, iqtisadi dinamizm də itirir. Ona görə məsələ regionlara nə qədər vəsait ayrılması ilə deyil, həmin vəsaitin orada nə qədər davamlı gəlir, özəl təşəbbüs və keyfiyyətli iş yeri yaratması ilə ölçülməlidir”.

Ekspertin fikrincə, məşğulluq siyasətində əsas meyar yalnız işə düzələnlərin sayı olmamalıdır. İş yerinin əməkhaqqı, məhsuldarlığı, yaratdığı əlavə dəyər və işçiyə təqdim etdiyi inkişaf imkanları da qiymətləndirilməlidir: “Aşağı əməkhaqqılı və inkişaf perspektivi məhdud iş yerlərinin sayını artırmaq statistik nəticə yarada bilər, amma dayanıqlı iqtisadi inkişaf yaratmır. Əgər insan öz ölkəsində ailəsini təmin edəcək gəlir qazana bilmirsə, onun xaricdə iş tapması daxili məşğulluq probleminin həlli kimi təqdim edilməməlidir.
Xaricdə işləmək konkret vətəndaş üçün faydalı seçim, ölkə üçün isə pul köçürmələri və yeni təcrübə mənbəyi ola bilər. Lakin dövlət siyasətinin əsas uğur göstəricisi ölkə daxilində yaradılan məhsuldar, yaxşı gəlirli və uzunmüddətli iş yerləri olmalıdır”.
A.İbrahimov Dövlət Məşğulluq Agentliyinin Türkiyə, Sloveniya və digər ölkələrdə təklif etdiyi iş imkanlarının da bu çərçivədə qiymətləndirilməli olduğunu deyir.
Onun sözlərinə görə, vətəndaşların qanuni və təhlükəsiz şəkildə beynəlxalq əmək bazarına çıxışının dəstəklənməsi müsbət addımdır. Ancaq bu istiqamət daxili əmək bazarının inkişafını əvəz etməməlidir: “Xaricdə iş imkanları əlavə seçimdir, ölkə daxilində keyfiyyətli məşğulluğun alternativi deyil. Əsas sual budur: həmin əmək resursunun regionlarda daha məhsuldar və yüksək gəlirli sahələrdə istifadə olunması üçün niyə eyni miqyasda imkan yaradıla bilmir? Uzunmüddətli məqsəd əmək resursunu başqa bazara yönəltmək deyil, onun ölkə daxilində daha yüksək əlavə dəyər yaratmasına şərait qurmaq olmalıdır”.
İqtisadçı region siyasətində əsas dəyişikliyin “regiona vəsait ayırmaq” yanaşmasından “regionda gəlir yaradan iqtisadiyyat qurmaq” modelinə keçid olduğunu düşünür.
Onun fikrincə, kənd təsərrüfatında məhsulun istehsalı ilə kifayətlənmək regionun potensialını tam reallaşdırmır: “Məhsul rayonda istehsal olunur, amma emal, qablaşdırma, logistika, marketinq və satış zəncirinin böyük hissəsi başqa mərkəzlərdə formalaşır. Nəticədə region xammal və ya ilkin məhsul istehsalçısı olaraq qalır, əsas gəlir isə əlavə dəyərin sonrakı mərhələlərində yaranır.
Fermerə subsidiya verməklə proses tamamlanmır. Həmin regionda emal müəssisəsi, soyuducu anbar, logistika mərkəzi, qablaşdırma infrastrukturu, aqrotexnologiya, satış və ixrac kanalları yaradılmalıdır. Dövlət dəstəyi əlavə dəyər zəncirinin bütün mərhələlərinin formalaşmasına yönəlməlidir”.
A.İbrahimov hesab edir ki, rayonların iqtisadi ixtisaslaşması onların real üstünlükləri əsasında müəyyənləşdirilməlidir. Hər rayona eyni modelin tətbiqi əvəzinə bir bölgədə aqroemal, digərində turizm, yüngül sənaye, logistika, tikinti materialları və ya rəqəmsal xidmətlər inkişaf etdirilə bilər: “Məqsəd yalnız bir müəssisə açmaq deyil, onun ətrafında onlarla kiçik və orta biznesin formalaşmasına şərait yaratmaqdır. Böyük və ya aparıcı müəssisə yerli təchizatçı, xidmət, logistika və satış şəbəkəsini də özü ilə birlikdə inkişaf etdirməlidir”.
Ekspert gənclərin regionlarda qalması üçün iş yerindən əlavə karyera və həyat perspektivinin yaradılmasını vacib sayır: “Regionda 600–700 manat maaşlı iş təklif edib gəncdən orada qalmasını gözləmək real deyil. Gənc görməlidir ki, onun gəliri arta, peşəkar inkişafı davam edə, gələcəkdə sahibkarlığa keçidi mümkün ola bilər. Münasib qiymətə mənzil, keyfiyyətli məktəb, uşaq bağçası, səhiyyə, internet və ictimai nəqliyyat da iqtisadi siyasətin ayrılmaz hissəsidir.
Təhsil sistemi də regionun iqtisadi inkişaf planı ilə əlaqələndirilməlidir. Hansı sahələr inkişaf etdiriləcəksə, peşə və ali təhsil müəssisələri həmin sahələr üçün kadr hazırlamalıdır. Əmək bazarının ehtiyac duymadığı ixtisas üzrə kadr hazırlayıb sonra həmin insana xaricdə iş axtarmaq səmərəli model deyil”.
Kiçik sahibkarlığın dəstəklənməsi də yalnız aktivlərin paylanması ilə məhdudlaşmamalıdır.
İqtisadçının fikrincə, özünüməşğulluq proqramlarının nəticəsi yaradılan mikro fəaliyyətin davamlı biznesə çevrilməsi ilə ölçülməlidir: “Əsas hədəf mikro biznesin əvvəlcə 3–5, sonra isə 10–20 nəfərin çalışdığı müəssisəyə çevrilməsidir. Bunun üçün maliyyə ilə yanaşı zəmanət mexanizmləri, biznes məsləhəti, satış kanallarına çıxış və uyğun vergi stimulları lazımdır”.
A.İbrahimovun fikrincə, hər rayon üçün demoqrafiya, əmək resursları, torpaq və su imkanları, logistika, turizm potensialı, sənaye bazası və ixrac imkanları nəzərə alınmaqla 5–10 illik iqtisadi ixtisaslaşma proqramı hazırlanmalıdır. Proqramların nəticələri isə ayrılan vəsaitlə deyil, cəlb edilən özəl investisiya, yaradılan dayanıqlı iş yerləri, əmək məhsuldarlığının və əhali gəlirlərinin artımı ilə qiymətləndirilməlidir.
“Məşğulluq siyasətinin əsas göstəricisi yalnız ‘neçə nəfər işlə təmin edildi?’ sualı ola bilməz. Həmin iş harada yaradılıb, əməkhaqqı nə qədərdir, hansı əlavə dəyəri formalaşdırır və insanın öz regionunda qalmasına perspektiv yaradırmı – əsas meyarlar bunlardır.
Bir rayonun gəncini öz bölgəsində işlə təmin etmək əvəzinə əvvəlcə Bakıya, sonra isə xarici əmək bazarına yönəltməklə göstəricini yaxşılaşdırmaq problemin həlli deyil; bu, problemin yalnız coğrafiyasını dəyişir”, - deyə, ekspert bildirib.
Ekspert sonda vurğulayıb ki, Prezident İlham Əliyevin şəhərlərdən kəndlərə qayıdışla bağlı müəyyənləşdirdiyi hədəfin reallaşması üçün əsas şərt regionlarda insanın gələcəyini görə biləcəyi iqtisadi və sosial mühitin yaradılmasıdır: “Güclü region yalnız yol, bina və digər infrastrukturla qurulmur. İnsan orada gəlir əldə etməli, peşəkar inkişaf etməli, biznes qurmalı və ailəsi üçün keyfiyyətli həyat perspektivi görməlidir. Kəndlə şəhər arasındakı fərqlərin azalması məhz bu elementlərin birlikdə təmin olunmasından keçir”.