SAVAŞ PAYTAXTLARA KEÇİR... - Müharibənin yeni və daha amansız mərhələsi başlayır
Tarixşünaslıqda belə bir konseptual yanaşma var: hər hansı müharibə uzanırsa, onu müəyyən mərhələlərə bölür və hər mərhələnin hərbi, iqtisadi-sosial, humanitar və diplomatik xüsusiyyətlərini ayrıca öyrənirlər. Müharibənin mərhələlərə bölünməsi onun gedişatını daha aydın anlamağa imkan verir. Eyni zamanda, müharibənin səbəblərini izah etmək də xüsusilə vacibdir, əks halda, ortada səbəbsiz və absurd bir müharibə təsəvvürü yaranır.
Ukraynadakı müharibənin gedişinə nəzər saldıqda, onun mərhələlərinin və amansızlıq səviyyəsinin tədricən artdığını görə bilərik. İlk mərhələlərdə əsas döyüşlər təmas xəttində gedir və Rusiya Ukraynanın müxtəlif ərazilərinə raket zərbələri endirirdi. Amma bu zərbələrin intensivliyi indiki səviyyədə deyildi. Ukrayna Qərbin verdiyi hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli HIMARS və ATACMS silahlarının köməyi ilə öz döyüş imkanlarını yüksəltməyə çalışırdı.
Sonrakı mərhələdə Ukraynanın uzaqmənzilli dronlardan daha geniş istifadə etməsi və Rusiyanın neft emalı zavodlarına, hərbi və iqtisadi infrastrukturuna zərbələr endirməsi ön plana çıxdı. Rusiya isə raket arsenalından getdikcə daha intensiv istifadə etməyə başladı. Moskvanın taktikasında raketlərin müəyyən müddət ərzində toplanması və daha sonra kütləvi şəkildə istifadəsi müşahidə olunur. Ukrayna üçün ən böyük problemlərdən biri məhz ballistik raket zərbələrinə qarşı duruş gətirməkdir. Hələ üstəlik, Şimali Koreya da Rusiyaya ballistik raketlər yollayır. Bunun əvəzində, artıq xeyli vaxtdır ki, ABŞ Ukraynanı “Patriot” raketləri ilə təchiz etmir. Bununla yanaşı, Rusiya uzaqmənzilli hücum dronlarını da modifikasiya edib. Onların sürəti və manevr imkanları artırılıb. Ukrayna isə öz növbəsində bu vasitələrə qarşı hava hücumundan müdafiə və elektron mübarizə imkanlarını təkmilləşdirir.

Rusiyanın əsas strateji xətti Ukraynanın enerji sistemini, hərbi-iqtisadi infrastrukturunu və iri şəhərlərini viran qoymaq, ölkəni uzunmüddətli müqavimət qabiliyyətindən məhrum etməkdir. Xüsusilə Kiyev və digər iri şəhərlərə kütləvi raket və dron hücumları bu strategiyanın mühüm hissəsinə çevrilib. Kreml bu strategiyasında ballistik raketlərə xüsusi əhəmiyyət verir. Amma kəşfiyyat məlumatları və müşahidələr Rusiyanın istədiyi miqdarda belə raketlərə malik olmadığını göstərir. Ona görə də Rusiya qarşıdakı dövr üçün mümkün qədər böyük ballistik raket arsenalı toplamağa çalışır. Son zamanlar Ukraynanın HHM sistemində yaşadığı çətinliyi bilən Rusiya Kiyevi asan hədəfə çevirib.
Moskvanın planlarını yaxşı anlayan Ukrayna bundan sonra taktikanı dəyişməyə və Rusiyanı ən zəif yerindən vurmağa hazırlaşır. Ukrayna ordusu süni intellektlə təchiz olunmuş tuşlama sistemlərinə malik 1000 zərbə dronunu hər gün Moskvaya doğru yönəltməyi planlaşdırır. Bu dronların Rusiya HHM-lərindən yayınması nəzərdə tutulur. Burada əsas məqsədlərdən biri Moskvanın hava nəqliyyatına mane olmaqdır ki, artıq bu plan həyata keçirilir və paytaxtın Vunukovo və Şermetyevo aeroprotlarının fəaliyyətində problemlər yaranır.
Ukraynanın ikinci planı ballistik raketlərin hazırlanması layihəsidir. Mütəxəssislərin fikrincə, Ukrayna təxminən bir il ərzində bu məsələni kökündən həll edə bilər.
Deməli, Moskvanın kütləvi şəkildə hədəfə alınması yalnız hərbi deyil, həm də siyasi və strateji nəticələri olan addımdır. Ona görə də belə qərarlar emosional deyil, uzunmüddətli çəkindirmə strategiyasının tərkib hissəsi hesab olunmalıdır. Bu baxımdan, Kiyev üçün də Rusiyanın strateji planı aydındır və buna qarşı əks-plan hazırlanması zəruridir.
Ümumiyyətlə, hadisələrin inkişaf dinamikasına diqqət etsək, görərik ki, paytaxtların döyüş meydanına çevrilməsi ehtimalı getdikcə yüksəlir. Bu da müharibənin yeni və daha amansız, dağıdıcı mərhələsi kimi xarakterizə olunmalıdır. Beləliklə, bu müharibədə əsas həlledici amil tərəflərdən birinin digərinin ərazisində nə qədər dağıntı yarada bilməsi deyil, kimin daha uzun müddət siyasi və psixoloji dözümlülük nümayiş etdirəcəyi olacaq.