Şahmar Ələkbərovun Hollivudu fəth edən nəvəsi elə açıqlamalar verdi ki...
Kann Film Festivalı. Hollivud. Benicio del Toro. Cameron Diaz. Ana de Armas. Bir neçə il əvvəl bu adların yanında bir azərbaycanlı aktyorun adının çəkilməsi ehtimaldan çox uzaq görünürdü.
Amma Eldar İsgəndərov üçün bu artıq ehtimal deyil – reallıqdır.
Bakıdan çıxıb Hollandiya və Belçikada böyüyən, Savannahdakı sənət məktəbindən (“Savannah College of Art and Design”) Hollivudun çəkiliş meydanlarına uzanan yol – onun yoludur. Azərbaycanın Xalq artisti Şahmar Ələkbərovun nəvəsi olan İsgəndərov “Club Kid” filmindəki rolu ilə beynəlxalq diqqət qazandı; tənqidçilər onu filmin ən yadda qalan simalarından biri kimi qeyd etdilər.
Amma bu, yalnız görünən hissədir.
Hurriyyet.info xəbər verir ki, jurnalist Hafiz Əhmədovla müsahibədə Eldar İsgəndərov karyerasının digər tərəfini də açır, imtina etmək istədiyi anları, qeyri-müəyyənlik içində keçən illəri, Bakıya qayıtmaqla ABŞ-yə dönmək arasında qalan seçimləri və Kann xəbərini öz mənzilində öyrəndiyi gecəni.
O, Hollivudun içindən danışır. Amma romantik deyil. Filtrlənmiş də deyil.
– Azərbaycandan Hollivud layihələrinə uzanan yolunuz kənardan baxanda romantik görünə bilər. Bəs heç elə bir məqam olubmu ki, özünüzə “Bu yol alınmayacaq” demisiniz?
– Əlbəttə. Kollecdə oxuduğum müddətdə dəfələrlə hər şeydən vaz keçməyi düşündüyüm anlar olub. Xüsusilə də məzun olduqdan sonra qış aylarında Bakıya qayıdanda burada qalmağı ciddi şəkildə düşündüm. Çünki hər hansı bir layihədə rol almaq ehtimalı çox zəif görünürdü. ABŞ-yə geri dönmək riskini almaqdansa, ofis işi ilə məşğul olmaq daha asan görünürdü. Lakin sonradan mənə Cessi Ayzenberqin hələ adı açıqlanmamış musiqili komediyasında rol təklif olundu və bu, ABŞ-yə qayıtmaq üçün mənə yenidən iradə və motivasiya verdi.