📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şagirdlər süni intellektə bu sualları verə bilər

2026-09-10 10:48:11

Şagirdlər süni intellektə bu sualları verə bilər

“Bu günlərdə açıqlanan PİSA 2025 hesabatında Azərbaycanda şagirdlərin süni intellektdən (Sİ) istifadəsi ilə bağlı maraqlı rəqəmlər açıqlanıb. Xüsusi diqqətçəkən rəqəmlərdən biri ölkəmizdə şagirdlərin (hesabata düşən) 48%-nin öyrənmə prosesində Sİ-dən istifadə etməsidir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Tahir Mirkişili bildirib.

Millət vəkili qeyd edib ki, bu, OECD orta göstəricisindən (46%) yüksəkdir: “Süni intellekdən heç vaxt istifadə etmədiyini bildirən şagirdlərin payı Azərbaycanda cəmi 8%, OECD üzrə isə 14% təşkil edib.

Maraqlıdır ki, Azərbaycanda artıq 83.6% bazar payına malik “ChatGPT” cəmi 3 il əvvəl dünyada meydana çıxsa da, süni intellekt modelləri artıq gündəlik həyata, xüsusilə də tədris prossesinə möhkəm şəkildə daxil olublar.

Dünyada aparılan sorğular aydın bir mənzərəni ortaya qoyur:

Beynəlxalq Rəqəmsal Təhsil Şurasının (DEC, Sinqapur) hesabatına görə dünyada bakalavr, magistr və doktorantura tələbələrinin artıq 86%-i kurs işləri üçün süni intellekt vasitələrindən istifadə edirlər - Sİ-dən daha çox ideyalar üzərində düşünmək, konsepsiyaları izah etmək, oxunan materialları ümumiləşdirmək və ya imtahanlara hazırlaşmaq üçün istifadə edirlər.

Eyni zamanda, Ali Təhsil Siyasəti İnstitutunun (HEPİ, Britaniya) bakalavr tələbələri arasında apardığı sorğu göstərib ki, tələbələrin 92%-i tapşırıqların həllində, 58%-i çətin anlayışları aydınlaşdırmaq, 48%-i isə məqalələri ümumiləşdirmək üçün Süni İntellektdən istifadə edirlər.

Bu, artıq reallıqdır ki, şagirdlər, tələbələr təhsildə aktiv şəkildə süni intellektdən istifadə edirlər. Bəs bütün bunlar onların öyrənməsinə necə təsir edir? Cavab, tələbələrin süni intellektdən istifadə edib-etməməsindən daha çox, onların bundan necə istifadə etmələrindən asılı olacaqdır.

Bunu aydınlaşdıraq:

Nə zaman süni intellekt təhsil prossesini poza bilər?

Təhsil vasitələrini özündə birləşdirən beynəlxalq ICAP çərçivəsi öyrənənlərin tədrisdə iştirakını dörd səviyyəyə bölür: İnteraktiv, Konstruktiv, Aktiv və Passiv.

Daha yüksək səviyyələr (interaktiv və konstruktiv) ən güclü mənimsəməni təmin edir, çünki onlar öyrənənlərdən  sual və cavab verməyi, ideyalar yaratmağı, kommunikasiya qurmağı və konsepsiyalarla işləməyi tələb edir. Bunun əksinə olaraq, passiv iştirak (məsələn, sadəcə dərsi dinləmək) daha zəif mənimsəməyə gətirib çıxarır.

Süni intellekt bu 2 yüksəksəviyyəli (interaktiv və konstruktiv) prosesləri əvəz etdikdə öyrənməni təhlükə altına qoyur. Əgər öyrənənlər tapşırığın düşünmə tərəfini (izahlar hazırlamaq və ya arqumentlər formalaşdırmaq) Sİ-ə həvalə etsələr, konstruktiv və ya interaktiv iştirakdan daha passiv səviyyəyə keçə bilərlər. Hesab edilir ki, zamanla bu isə sahə biliklərinin inkişafını zəiflədə bilər və öyrənənlərin süni intellekt tərəfindən yaradılan izahatın qərəzli, səthi və ya qeyri-dəqiq olduğunu anlamasını çətinləşdirə bilər.

Bu yaxınlarda Britaniyada aparılan bir maraqlı təcrübə bu riskləri təsdiqləyib. Təxminən 1000 orta məktəbdə riyaziyyat şagirdləri arasında aparılan bir araşdırma göstərib ki, süni intellekti söndürəndə, GPT-dən istifadə etməklə əvvəllər yaxşı nəticə göstərən şagirdlər heç vaxt süni intellekt istifadə etməyən şagirdlərdən 17% aşağı bal toplayıblar. Bu, süni intellektdən həddindən artıq asılılığın yadda saxlamağa mane olduğunu göstərir. Daha maraqlısı odur ki, bu mənfi təsirləri süni intellekdən doğru istifadə etməklə  əsasən aradan qaldırmaq mümkün olub ki, bu da problemin süni intellektdən istifadənin özündə deyil, öyrənməni dəstəkləmək və ya əvəz etmək üçün istifadə olunub-olunmamasında olduğunu göstərir”.

T.Mirkişilinin sözlərinə görə, tədqiqatlar göstərir ki, öyrənənlər süni intellektdən konstruktiv şəkildə istifadə etdikdə öyrənmə yaxşılaşa bilər: “Süni intellekt istifadə etməyən öyrənənlərlə müqayisədə süni intellektlə işləyənlər həm arqumentasiya, həm də tənqidi düşüncədə əhəmiyyətli irəliləyişlər nümayiş etdirə bilirlər. Belə hallarda, öyrənənlər işlərini süni intellektə təhvil vermirlər. Bunun əvəzinə, onlar Sİ-lə qarşılıqlı əlaqədə olur, onu tənqid edir və ondan öz mühakimələrini daha da təkmilləşdirmək üçün istifadə edirlər. Bu halda süni intellekt xəyalpərəst kimi deyil, daha çox düşünən tərəfdaş kimi davranır.

Əgər süni intellektdən zəif istifadə öyrənmə səviyyəsinin azalmasına gətirib çıxarırsa, şagirdlər düşünmə səylərini qorumaqla Sİ-dən istifadə edə bilərlər. Şagirdlər üçün ən vacib sual: Süni intellekt mənim əvəzimdənmi öyrənir, yoxsa mənim öyrənməyimə kömək edir? - olmalıdır.

Süni intellektin geniş yayıldığı dövrdə müəllimlər üçün bəzi tövsiyyələr mövcuddur.

Süni intellektdən öyrənməyə dəstəkləyici formada istifadə etməyi öyrətmək üçün şagirdlərinizi aşağıdakıları etməyə təşviq edin:

1. Şagirdlərə süni intellektdən istifadə etməyi qadağa etməyin;

2. İlk cəhdləri onların etməsinə imkan yaradın.

Süni intellektlə ünsiyyətdən əvvəl onların verəcəkləri suallara özləri tərəfindən təxmini cavab, plan və ya izahat hazırlamasını təmin edin. Bu, şagirdlərin müqayisə edə, tənqid edə və yenidən işlədə biləcəkləri bir materiala sahib olmalarını təmin edəcəkdir.

Süni intellektdən şagirdlərin düşüncələrini dəyişdirmək üçün deyil, onları yeni fikirlər irəli sürməyə təşfiq etmək üçün istifadə edin.

Məsələn, şagirdlər süni intellektə aşağıdakı sualları verə bilərlər:

- Cavablarımda hansı arqumentlərim çatışmır?

- Cavablarımdakı zəif cəhətləri göstər.

- Mənə alternativ cavablar ver və onları müqayisə etməyimə kömək et… və s.

Şagirdlərin etdiklərini açıq şəkildə müzakirə edin.

Şagirdlərdən süni intellektlə söhbətlərini göstərməyi, süni intellektin cavablarını öz sözləri ilə ümumiləşdirmələrini və ya nə ilə razılaşdıqlarını və nə ilə razılaşmadıqlarını izah etmələrini istəyin.

Şagirdlərə öyrədin ki, ideya yaratmaq, məna yaratmaq, sual vermək və mühakimə yürütmək onların işidir, süni intellektin işi isə cavablar hazırlamaq, nümunələr, perspektivlər və rəylər təqdim etmək ola bilər.

Beləliklə, süni intellekt artıq şagirdlərin, tələbələrin akademik həyatının mərkəzi hissəsidir. İnanıram ki, süni intellektdən istifadəni ICAP çərçivəsinin daha yüksək səviyyələrinə (interaktiv və konstruktiv) uyğunlaşdırmaqla və öyrənənlərin düşünmə prossesinə cəlb olunmalarını təmin etməklə, süni intellektin tədris prossesində mühüm tərəfdaşa çevrilməsini təmin edə bilərik. Bu həm də günümüzün tələbidir”.