Sabunçuda təhsil konfransı keçirildi - Fotolar
Ötən gün Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə rayon üzrə 2025-2026-cı tədris ilinin yekununa həsr olunmuş təhsil konfransı keçirilib.
Hurriyyet.media xəbər verir ki, konfransda Sabunçu RİH başçısı Adil Vəliyev, Milli Məclisin deputatları Fazil Mustafa və Azər Allahverənov, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəblərə qəbul imtahanında yüksək nəticələr əldə etmiş məzunlar və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
İlk olaraq konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar rayonun təhsil müəssisələrinin şagirdlərinin müxtəlif sahələr üzrə yerli və beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərdən ibarət sərgiyə baxış keçiriblər.
Rayonun Maştağa qəsəbəsi, 108 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət xor qrupunun ifasında Azərbaycanın Dövlət Himni səsləndikdən sonra dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən Sabunçu RİH başçısı A.Vəliyev müəllim və tələbə heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və ölkəmizdə aparılan təhsil islahatları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, təhsil sahəsinin inkişaf etdirilməsi Ulu öndər Heydər Əliyev siyasətinin prioritet istiqamətlərdən biri olub. A.Vəliyev vurğulayıb ki, təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Xalqın parlaq gələcəyinə hesablanan bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sabunçu RİH başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva çıxış edərək Sabunçu rayonu üzrə 2025-2026-cı tədris ilinin yekununa dair hesabatı təqdim edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa və Azər Allahverənov dövlət təhsil siyasətinin prioritetləri çərçivəsində bir sıra mühüm məsələlərə toxunublar. Millət vəkilləri rəqəmsal bacarıqların artırılmasına xidmət edən layihələrin artırılması və peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində fikir və təkliflərini bildiriblər.
Konfransın gedişində 2025-2026-cı tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə yüksək nəticələr göstərmiş məzunlar, o cümlədən, yüksək nailiyyətlər əldə etmiş məktəb direktorları və müəllimlərə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.


