Rusiyanın port və sənaye obyektlərinə PUA hücumu - Ust-Luqada yanğın başladı
Rusiyanın Leninqrad və Samara vilayətləri növbəti dəfə Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.
Hurriyyet.media xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları və sosial şəbəkə kanalları məlumat yayıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, hücum zamanı region səmasında 52 pilotsuz uçuş aparatı vurulub. Lakin hücum nəticəsində Ust-Luqa dəniz portu zonasında zədələnmələr qeydə alınıb və yanğın baş verib. Drozdenkonun sözlərinə görə, hadisə yerində fövqəladə hallar xidməti çalışır, itki yoxdur, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. Ukrayna monitorinq kanalları isə portdakı terminalın vurulduğunu iddia edirlər.
Analoji hücum Samara vilayətində də qeydə alınıb. Qubernator Vyaçeslav Fedorişşev mülki obyektlərə ziyan dəydiyini təsdiqləyib. Telegram kanallarının məlumatına görə, PUA-lar Tolyatti və Novokuybışevsk şəhərlərini hədəf alıb. Tolyattidə partlayışlardan sonra yanğın başladığı, Novokuybışevskdə isə yaşayış binasının fasadına və mənzillərə ziyan dəydiyi bildirilir. Hadisələrlə bağlı rəsmi araşdırma aparılır.