Rusiyanın kimya nəhəngləri VURULDU - İki strateji zavod və aerodrom ALOVLAR İÇİNDƏ
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın iki kimya müəssisəsinə zərbələr endirildiyi barədə məlumat verib. Onun sözlərinə görə, söhbət Perm diyarı və Samara vilayətində yerləşən müəssisələrdən gedir.
Hurriyyet.media xəbər verir ki, bundan əvvəl Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev ötən gecə Tolyatti şəhərinin Ukrayna pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücuma məruz qaldığını və nəticədə bir neçə yaşayış binasına ziyan dəydiyini bildirib.
O, həmçinin bir "sənaye müəssisəsinin" də hücuma məruz qaldığını qeyd etsə də, söhbətin konkret hansı obyektdən getdiyini açıqlamayıb.
Ukraynanın monitorinq kanalları isə zərbənin ərazisində yanğın başlayan "KuybışevAzot" zavoduna endirildiyini yazır.
Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin Taqanroqdakı bir sıra hərbi hədəflərə və Qara dənizdəki bir obyektə də zərbələr endirdiyini bəyan edib.
Taqanroq meri Svetlana Kambulova hücumlar nəticəsində "dörd kommersiya obyektində" yanğının baş verdiyini bildirib. "Astra" teleqram kanalının məlumatına görə isə hücumun hədəfi "Taqanroq-Mərkəzi" hərbi aerodromu ola bilər.