Rusiya o ölkələri 3 günə işğal edə bilər - Kremlin "ölüm siyahısı"ndakı komandir DANIŞDI
Rusiya bir daha heç vaxt “Üç günə Kiyev” ssenarisini reallaşdıra bilməyəcək, lakin “üç günə Baltikyanı ölkələr” ssenarisi mümkündür.
Musavat.com xəbər verir ki, bunu SVT-yə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert (Madyar) Brovdi bildirib.
Nəşrin jurnalistləri Madyarla məxfi komandanlıq mərkəzlərindən birində görüşüblər.
Nəşr qeyd edib ki, Brovdi Kremlin zərərsizləşdirmək istədiyi ukraynalı komandirlərin siyahısında yuxarı pillələrdə yer alır. Çünki məhz o, Rusiyanın dərin arxa cəbhəsinə zərbələrin və cəbhədə rusların irəliləməsini dayandıran hücumların arxasında duran əsas şəxsdir.
Dron hücumları vasitəsilə müharibəni sıravi rusların vətəninə daşıyaraq hərb elmində inqilab edən Madyar qarşı tərəfi kiçiltməmək barədə xəbərdarlıq edib.
““Üç günə Kiyev” ssenarisi bir daha heç vaxt olmayacaq, amma üç günə Baltikyanı ölkələrin qalıb-qalmayacağına əmin deyiləm”, - deyə hərbçi bildirib.
O, bunu NATO ölkələrinin hələlik dronlar və müasir texnologiyalarla aparılan müharibəyə hazır olmaması ilə izah edib. Rusiya isə bu arada dayanmadan dron, raket və HHM (hava hücumundan müdafiə) sistemlərinin istehsalını artırır.
Eyni zamanda, Madyarın proqnozlarına görə, yaxın yarım ildə ruslar Ukraynaya endirilən zərbələrdə raketlərin sayını artırmağa çalışacaqlar. O, rusların əsas məqsədini də açıqlayıb: infrastrukturu məhv etmək və dinc şəhərlərdə mülki əhalinin yaşayışını qeyri-mümkün etmək.