📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ilə İran arasında Azərbaycan SÖHBƏTİ – Diplomatların görüşünün DETALLARI

2026-09-11 20:11:47

Rusiya ilə İran arasında Azərbaycan SÖHBƏTİ – Diplomatların görüşünün DETALLARI

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İran xarici işlər nazirinin müavini Mehdi Sobhani ilə görüşüb.

Musavat.com-un verdiyi xəbərə görə, söhbət zamanı bir sıra aktual ikitərəfli və regional məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb, Cənubi Qafqazdakı vəziyyət vurğulanıb.

Regional əməkdaşlıq üçün "3+3" platforması (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, İran, Türkiyə) çərçivəsində Moskva və Tehranın yanaşmalarının sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraq ifadə edilib. Hər iki tərəfin regionda, ilk növbədə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı birgə infrastruktur layihələrini həyata keçirməyə hazır olduğu təsdiqlənib.

Diplomatların bu görüşünə rəğmən, “altılıq platforması”nın gerçəkləşməsi indiki reallıqlarda mümkün görünmür. Bu da regionda münasibətlər sisteminin pozulması, Qərbin bölgədə təsirləri, Rusiya və İranın əməkdaşlığa yanaşmasında fərqliliklərdir. Xüsusən də Tehran regional əməkdaşlığın bu formatında “şeytanın qıçını qırıb” Zəngəzur dəhlizinə münasibətini fundamental şəkildə dəyişməlidir. Qaluzin və Sobhani pozitiv notlardan ibarət bəyanatlar səsləndirsə də, hər iki ölkənin münaqişə vəziyyətində olması sözügedən layihənin reallaşmasını nonsens edir.

Qeyd edək ki, Azərbaycan-Rusiya, Rusiya-Ermənistan münasibətlərində zaman-zaman yaşanan gərginlik, Tiflis və Moskva arasında diplomatik münasibətlərin bərpa edilməməsi, eləcə də İran-ABŞ savaşı da regional əlaqələri, inteqrasiyanı nəzərdə tutan “3+3" formatının taleyini sual altında qoyub. Bu format altı dövlətin Rusiya, İran, Türkiyə, digər tərəfdən isə Azərbaycan, Gürcüstan və Ermənistanın əməkdaşlığını nəzərdə tutur. Bu konfiqurasiya Rusiyanın Gürcüstanla münasibətləri dalandan çıxarmaq, İranın Cənubi Qafqaz siyasətində daha tolerant siyasət yürütmək şansı kimi qiymətləndirilir.

3+3” formatı ilə bağlı MÜHÜM AÇIQLAMA

Bundan əlavə, Türkiyə və Ermənistan arasında həllini tapmamış bir sıra məsələlər bu platforma çərçivəsində iki ölkənin əməkdaşlığına mane olur. İki ölkə arasında diplomatik nümayəndəlik mövcud deyil. Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən 1993-cü ildən Ermənistanla sərhədi bağlı saxlayır. Bunun nəticəsində avtomobil və dəmir yolu əlaqəsi yoxdur. Bütün bunlara baxmayaraq, Ermənistan və Türkiyə təmsilçiləri “3+3" platformasının işində iştirak edirlər. Bu çərçivədə əməkdaşlıqdan birmənalı şəkildə imtina edən təkcə Gürcüstandır.

Onu da deyək ki, Azərbaycanın təşəbbüskarı olduğu bu format Türkiyə tərəfindən də tam dəstəklənib. Göründüyü kimi, “3+3" çərçivəsində əməkdaşlıq o qədər də sadə məsələ deyil. Lakin Rusiya və İran destruktiv siyasətinə son qoymağı bacarsa, bu platforma reallaşa bilər. Çünki hər şey Moskva və Tehranın münasibətindən asılıdır. Eyni zamanda, Gürcüstanı da razı salmaq mümkündür. Yəni ”Tramp marşrutu" və Bakı ilə İrəvan arasında sülh razılaşması bölgə üçün yeni imkanlar açır.

Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa forumunda "3+3" formatı barədə də danışıb. Dövlət başçısı deyib ki, Cənubi Qafqazda "3+3" formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalı və növbəti Minsk Qrupuna çevrilməməlidir.

İlham Əliyevin çıxışından aydın görünür ki, Bakı artıq "3+3" formatını yalnız təhlükəsizlik platforması deyil, geniş regional əməkdaşlıq institutu kimi görür. Prezident vurğulayıb ki, format bərabərhüquqlu əsasda fəaliyyət göstərməli, Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın maraqlarını nəzərə almalı, Gürcüstan qoşulana qədər isə ən azı beştərəfli mexanizm kimi işləməlidir. Bu yanaşma onu göstərir ki, Azərbaycan regional problemlərin yalnız ikitərəfli münaqişələr prizmasından deyil, iqtisadi, nəqliyyat, enerji, logistika və təhlükəsizlik gündəliyi çərçivəsində müzakirəsini istəyir...