📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ermənistana qazı dayandırır - Moskva görüşü ərəfəsində sürpriz

2026-09-14 17:29:16

Rusiya Ermənistana qazı dayandırır - Moskva görüşü ərəfəsində sürpriz

Rusiya Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandırır. “Şimal Qafqaz–Zaqafqaziya” magistral qaz kəməri ilə qaz nəqli sentyabrın 15-dən 25-dək məhdudlaşdırılacaq.

Hurriyyet.media  xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın məlumat yayıb.

Bildirilir ki, buna səbəb kəmərin Rusiyanın ərazisindən keçən hissəsində planlı-profilaktik və təmir işlərinin aparılmasıdır. Şirkət bu müddətdə Ermənistanın qaz təchizatında fasilə olmayacağını açıqlayıb. Yaranacaq çatışmazlığın daxili ehtiyatlar və İrandan əlavə qaz tədarükü hesabına kompensasiya ediləcəyi bildirilir. Rusiyadan qaz nəqlinin sentyabrın 25-də, təmir işləri başa çatdıqdan sonra bərpa olunması gözlənilir.

Picture background

İlk baxışdan söhbət adi texniki işlərdən gedir. Lakin bu qərarın məhz Ermənistan-Rusiya münasibətlərinin kifayət qədər gərgin olduğu, Nikol Paşinyanın Moskva ilə yeni təmasları ərəfəsində elan edilməsi siyasi baxımdan əlavə suallar yaradır. Xüsusilə də İrəvanın son dövrlərdə Rusiya ilə münasibətlərdə məsafəni artırdığı, Qərb və NATO ölkələri ilə əlaqələrini genişləndirdiyi bir vaxtda Rusiyanın Ermənistana qaz nəqlini on günlük dayandırması diqqətdən kənarda qala bilməz. Əlbəttə, “planlı təmir” rəsmi səbəbdir və bunun siyasi qərar olduğunu təsdiqləyən hər hansı fakt yoxdur. Ancaq Moskvanın Ermənistan iqtisadiyyatında və enerji sektorunda təsir imkanları nəzərə alınanda belə addımların siyasi siqnal kimi də oxunması mümkündür. Burada daha bir məqam diqqət çəkir: yaranacaq qaz çatışmazlığının İran hesabına kompensasiya ediləcəyi açıqlanır. Yəni Rusiya qazının müvəqqəti kəsilməsi Ermənistanı avtomatik olaraq İran istiqamətinə yönəldir. Bu isə İrəvanın enerji təhlükəsizliyində Moskva-Tehran balansının nə qədər həssas olduğunu bir daha ortaya qoyur.

Paşinyan hökuməti son illərdə Rusiyadan enerji və təhlükəsizlik asılılığını azaltmağa çalışır. Lakin bu hadisə göstərir ki, Ermənistanın Rusiya qazından tam şəkildə imtina etməsi hələ mümkün deyil. Bu səbəbdən sentyabrın 15-də başlayacaq fasilə təkcə texniki təmir kimi deyil, Moskvanın İrəvana verdiyi mümkün mesaj kontekstində də izlənməlidir. Xüsusilə Paşinyanın Moskva ilə görüşləri və Rusiya ilə münasibətlərin gələcək istiqaməti müzakirə olunan bir dövrdə qaz məsələsinin gündəmə gəlməsi təsadüf kimi görünməyə bilər. Əgər bu, həqiqətən də sadəcə texniki fasilədirsə, sentyabrın 25-də qazın vaxtında və tam həcmdə bərpası məsələyə aydınlıq gətirəcək. Əks halda, “texniki təmir” adı altında verilən qaz qərarının İrəvana daha ciddi siyasi xəbərdarlıq olduğu barədə versiyalar güclənə bilər.