"Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən son iclasda təqsirləndirilənlə bağlı videogörüntülərə dair ekspertizanın rəyi açıqlanıb.
Rəydə görüntülərin montaj olunmaması qeyd olunsa da Rövşən Süleymanovun vəkili buna etirazını bildirərək kadrlar arası müdaxilələrin olunduğunu deyib.
Vəkilin etirazına görə, ekspertin prosesə dəvət olunması ilə bağlı məhkəmə qərar qəbul edib.
Məhkəmə sentyabrın 29-dək təxirə salınıb.
Xatırladaq ki, "Roşka" ləqəbli tiktoker bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.