📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramal İsayev tarixi abidələri yazanlara səsləndi - “Xatirə deyil, vandalizmdir”

2026-09-06 22:36:01

Ramal İsayev tarixi abidələri yazanlara səsləndi - “Xatirə deyil, vandalizmdir”

Tanınmış teleaparıcı və iş adamı Ramal İsayev tarixi-mədəni irs nümunələrinin qorunması və tarixi abidələrin üzərinə müxtəlif yazıların yazılması hallarının qarşısının alınması ilə bağlı çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, Ramal İsayev bildirib ki, xüsusilə Şuşa və Bakıda yerləşən tarixi abidələr, qədim tikililər, qala divarları, qayalar və digər mədəni irs nümunələri Azərbaycanın tarixini və milli yaddaşını əks etdirən mühüm dəyərlərdir.

Onun sözlərinə görə, son dövrlərdə bəzi şəxslərin tarixi məkanların üzərinə ad-soyad, tarix və müxtəlif ifadələr yazması, divar və qayaların üzərində izlər buraxması ilə bağlı görüntülər yayılır.

“Tarixi məkanların üzərinə yazı yazılmasını ‘xatirə saxlamaq’ və ya sadə bir əyləncə kimi qiymətləndirmək düzgün deyil. Bu cür davranış tarixi irsə hörmətsizlikdir. Abidələrin divarlarına və qayalarına yazı yazmaq həmin məkanların tarixi görünüşünə xələl gətirir”, – deyə Ramal İsayev vurğulayıb.

O qeyd edib ki, tarixi abidələr yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də qorunmalı olan milli sərvətlərdir.

“Şuşanın hər daşı, Bakının hər tarixi binası və küçəsi keçmişimizdən bizə miras qalan dəyərdir. Bu irsin üzərinə yazılar yazmaq, boyalarla izlər buraxmaq və müxtəlif formada müdaxilə etmək gələcək nəsillərə ötürülməli olan tarixi yaddaşa zərər vurur”, – deyə o bildirib.

Ramal İsayev vətəndaşları tarixi-mədəni irsə qarşı daha məsuliyyətli davranmağa çağırıb.

“Tarixi abidələr şəxsi xatirə dəftəri, qədim divarlar isə yazı taxtası deyil. Şəhərlərimizin və tarixi məkanlarımızın siması şəxsi imzalarla dəyişdirilməməlidir. Şuşanı və Bakını sevmək onların üzərinə adını yazmaq deyil. Bu şəhərlərin tarixini qorumaq, ona hörmət etmək və gələcək nəsillərə olduğu kimi çatdırmaqdır”, – deyə Ramal İsayev əlavə edib.