📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

QLOBAL ƏRZAQ QİYMƏTLƏRİ ARTIR - Azərbaycanda inflyasiya gözləntiləri nə deyir?

2026-09-11 15:27:05

QLOBAL ƏRZAQ QİYMƏTLƏRİ ARTIR - Azərbaycanda inflyasiya gözləntiləri nə deyir?

"Dünyada ərzaq qiymətlərinin yenidən artması müəyyən narahatlıq yaratsa da, hazırda qlobal ərzaq qıtlığından danışmaq üçün əsas yoxdur".

Hurriyyet.media xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) 2026-cı ildə dünya üzrə taxıl istehsalının təqribən 2,98 milyard ton olacağını proqnozlaşdırır."İstehsalın ötən illə müqayisədə 2 faiz azalacağı gözlənilsə də, qlobal taxıl ehtiyatlarının istehlaka nisbəti 31,6 % səviyyəsində qalır. Bu isə o deməkdir ki, dünyada taxıl təminatı baxımından hər hansı kritik vəziyyət mövcud deyil", - deyə o, qeyd edib.

Qiymətlər niyə qalxır?

İqtisadçı vurğulayır ki, məsələ fiziki çatışmazlıqda deyil, birbaşa qiymətlərlə bağlıdır: "Avqust ayında FAO-nun dünya ərzaq qiymətləri indeksi bir ayda 1,9 %, illik müqayisədə isə 2,5 % artıb. Xüsusilə əsas istehlak məhsullarından olan buğdanın dünya bazarındakı qiyməti bir il əvvəllə müqayisədə 15 % yüksəkdir. Enerji, geosiyasi və iqlim amilləri qlobal miqyasda inflyasiyanın arzu olunan aşağı səviyyələrə enməsini çətinləşdirən əsas faktorlar olaraq qalır".

Azərbaycanın inflyasiya mənzərəsi

E.Əmirov xatırladır ki, mövcud qlobal tendensiyalar fonunda Azərbaycanda hazırda illik inflyasiya 5,8 % təşkil edir: "Maraqlıdır ki, bu göstərici Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üçün inkişaf etməkdə olan ölkələr üzrə proqnozlaşdırdığı orta 5,8 %-lik inflyasiya səviyyəsi ilə tam üst-üstə düşür. Gələn il üçün isə daha müsbət mənzərə proqnozlaşdırılır:2027-ci il üzrə Azərbaycanda orta illik inflyasiyanın 4,5 %-ə enməsi gözlənilir.

BVF-nin proqnozuna görə, inkişaf etməkdə olan ölkələrdə həmin dövr üçün orta göstərici 4,8 % təşkil edir.Bütövlükdə, dünyada ayrı-ayrı regionlarda ərzaq təhlükəsizliyi çağırışları davam etsə də, qlobal miqyasda ərzağın fiziki çatışmazlığından söhbət getmir. Azərbaycan üçün isə ərzaq çatışmazlığı ilə bağlı hər hansı ciddi risk görünmür. Cari ildə ölkədaxili inflyasiya inkişaf etməkdə olan dövlətlərin orta göstəricisinə uyğun gəlir, növbəti ildə isə həmin orta həddən bir qədər aşağı səviyyə gözlənilir".