Qızıllar kirayə imiş - “Vanlı Kara Haydar”ın ifadəsi üzə çıxdı
“Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan “cinayətdən əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamı ilə həbs edilib.
Hurriyyet.media xəbər verir ki, Tançalan ifadəsində zinət əşyalarının kirayə götürüldüyünü və toy mərasimindən sonra sahibinə qaytarıldığını iddia edib.
Türkiyədə son dövrlərdə adı tez-tez hallanan və son olaraq sosial media fenomeni Çağla Öz ilə evliliyilə gündəmə gələn Mehmet Fatih Tançalan həbs olunub. Çağla Öz ilə “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın toyunda 45 milyon türk lirəsi dəyərində zinət əşyalarının taxılması sosial mediada geniş müzakirə edilmişdi.
Van Baş Prokurorluğu Tançalan barəsində sosial media platformalarında yayılan bir paylaşım ilə əlaqədar “Türk millətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və orqanlarını alçaltma” və “cinayətdən əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamları üzrə istintaq başladıb.
Bundan sonra Van İl Polis İdarəsinin Asayiş Şöbəsinin əməkdaşları Tançalanı Van vilayətinin Muradiyə rayonundakı evində saxlayıblar. İl Polis İdarəsinə aparılan Tançalanın sosial mediada yayılan görüntüləri, eləcə də toyunda taxıldığı bildirilən külli miqdarda qızıllarla bağlı maliyyə araşdırmasına başlanılıb və Maliyyə Cinayətləri Araşdırma Şurasından (MASAK) araşdırma aparılması tələb olunub.