📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanda “Bakı” hotelinin açılışı olacaq

2026-07-31 11:12:26

Qırğızıstanda “Bakı” hotelinin açılışı olacaq

“Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu “Bakı” hotelini açacağıq”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasındakı çıxışı zamanı deyib.

“Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir. Dünən Sizinlə aeroportdan gələndə gördüklərim - həm inşaat, həm də infrastruktur layihələri çox böyük təəssürat yaratdı.

Dünən birlikdə qolf oyunu üçün hər cür şəraitin yaradıldığı əraziyə baş çəkdik. Bu şərait beynəlxalq səviyyəlidir. Sizi bu nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bütün bunlarda məhz Sizin xalqınıza və ölkənizə şəxsi sədaqətiniz, inkişafı sürətləndirmək səyləriniz hiss olunur. Siz buna nail olursunuz. Biz buna səmimi-qəlbdən sevinirik. Əlbəttə, Siz artıq qeyd etdiyiniz kimi, münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir”, - dövlət başçısı qeyd edib.