Qərbdən şok xəbərdarlıq: Rusiya ələ keçirdiyi Ukrayna PUA-ları ilə NATO-ya qarşı təxribat hazırlayır
Rusiya hərbi qüvvələri döyüş meydanında vurulan və ya elektron mübarizə vasitələri ilə yerə endirilən Ukrayna pilotsuz uçuş aparatlarını (PUA) toplayaraq bərpa edir və onları NATO ölkələrinə qarşı təxribat xarakterli əməliyyatlarda istifadə etməyə hazırlaşır.
Hurriyyet.media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti Qərb kəşfiyyatı və hərbi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Moskva bu dronlardan "yad bayraq altında" (false-flag) həyata keçirilən gizli hücumlarda istifadə edərək münaqişənin məsuliyyətini Kiyevin üzərinə atmağı və NATO ölkələri ilə Ukrayna arasındakı münasibətləri pozmağı hədəfləyir.
Alyans rəsmiləri bildirirlər ki, son zamanlar Avropa səmasında naməlum dronların peyda olması, təxribat cəhdləri və kiberhücumlar kimi "boz zona" fəaliyyətlərinin artması Kremlin NATO üzvlərini sınağa çəkmək və regionda gərginliyi artırmaq riskini gözə aldığını nümayiş etdirir.