Qəbul mərkəzinin qəbul hüququna- KONSTİTUSİYAYA qadağa qoymaq hüququ var?
PA Vətəndaş qəbulu mərkəzi qazini 3 ildir qəbula buraxmır
Müraciət etmək, qəbul olunmaq hüququ Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən əsas insan hüquq və azadlıqlarındandır. Vətəndaşlar öncədən heç bir şərt, tələb qoyulmadan istədikləri dövlət orqanının vəzifəli şəxsinin qəbuluna yazıla bilər. Qanunvericilik belə diqtə edir, di gəl məmurların diqtəsi yazılmayan normalarda Konstitusiyanı üstələyir.
Bu sətirlərin yazarının 3 ildir PA-da qəbul olunmaq hüququna qadağa qoyulub. Qadağa nədəni olduqca ilgincdir: 1-ci dərəcəli Qarabağ qazisinin sosial təminat, pensiya , mülkiyyət,hüquqi yardım, məhkəmə qərarlarının icrası, məhkəmə təminatı ... hüququnun pozulmasından şikayətinə yalnız Prezidentin köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov baxa bilər, di gəl o da məhkəmənin işinə (oxu: ÖZBAŞINALIĞINA) qarışa bilmədiyindən baxa bilməz!(?) Sual doğur, bəs onda vətəndaş ali dövlət orqanında kimə müraciət etsin? Bu suala da cavab qısadır : “izah edildi”. Bəyəm vətəndaş prokurordur, müstəntiqdir, ya təhqiqatçıdır, qəbula izahat almağa gedir?
Bu ilin əvvəlində -05.01.2026-cı ildə qəbul hüququna qadağa qoyulan qazi 31.08.2026-cı ildə də eyni aqibətlə üzləşib. 39-cu otaqda xidmət edən xanım “qəbul yazarı” guya “yuxarı”larla telefonla məsləhətləşəndən sonra yenə qəbula yazmaqdan imtina edib.
Görəsən, Konstitusiya nə vaxt ən ali qanun olmaq bir yana, heç qüvvəyə minəcəkmi?
Məğrur Bədəlsoy