Qanla yazılmış yaddaşın üzərinə mürəkkəblə ad yazmaq olmaz!
Son günlər Şuşadan gələn xəbərlərdə deyilir ki, ora gedən turistlər qayaların üzərində müxtəlif insan adları yazıb. Şəkillərə baxdıqca adamın ürəyi göynəyir və buna etiraz edənlərin hamısı yerdən göyə qədər haqlıdır. İlk baxışda bunu məsuliyyətsiz turist davranışı kimi qiymətləndirmək olar, ancaq məsələ daha dərindir. Çünki söhbət adi qayadan, adi daşdan getmir. Axı bu daşların, bu qayların yaddaşı var. Axı Şuşaya gedən yol təkcə bir şəhərə aparmır. O yol Azərbaycan xalqının yaddaşından keçir. Hər döngəsində bir tarix, hər daşında bir xatirə, hər yamacında bir qəhrəmanlıq izi var. Şuşaya gedən insanın qarşısında adi turizm məkanı yox, Azərbaycan tarixinin ən ağrılı və ən şərəfli səhifələrindən biri açılır.
Şuşanı azad edən qəhrəmanlarımızın keçdiyi döyüş yolu hələ də unudulmayıb. Azərbaycan əsgəri o qayalara həyatı bahasına dırmaşıb. Gecənin qaranlığında, ağır relyef şəraitində, hət an ölümlə üz-üzə gələrək irəliləyib. Onun hədəfi təkcə düşmən mövqeləri deyildi, illərlə həsrətində olduğu Şuşanı görmək idi. Azərbaycan əsgərinin ayaq izlərini o qayalar indi də daşıyır. Həmin qayalarda hələ də ölüm-qalım döyüşünün güllə yaraları var. Həmin qayalara şəhidlərimizin qanı tökülüb. O qayaların üzərinə hansısa adam adı yazmaq, ürək şəkli çəkmək xalqımızın tarixi yaddaşına müdaxilə cəhdidir. İnsanları ən çox qeyzləndirən də budur.
İnsan öz adını yaşatmaq istəyirsə, bunun çoxlu yolları var. Kitab yazmaq, xeyirxah işlər görmək, yaxşı övlad böyütmək, bir sözlə cəmiyyətə fayda vermək olar. Amma öz adını Şuşanın daşına yazmaqla tarixə düşmək mümkün deyil. Əksinə, bu cür addımlar sadəcə sırlarımızdakı məsuliyyətsizlərin siyahısını uzadır və onlar anlamırlar ki, Şuşa kiminsə xatirə dəftəri deyil! Şuşa Azərbaycanın milli yaddaşının canlı məkanıdır! Burada küçələrin, evlərin, məscidlərin, qalaların, qayaların, dağların belə öz hekayəsi var. Bu şəhər işğal illərində yalnız ərazi kimi itirilməmişdi. Onunla birlikdə yaddaşımızın bir hissəsi də əsirlikdə qalmışdı. Şuşanın azadlığına qovuşması ilə yaddaşımız özümüzə qayıtdı.
2020-ci ilin noyabrın 8-də tariximiz də işğaldan azad olundu. Azərbaycan tarixinin ən şanlı səhifəsini yazan qəhrəmanlara, unudulmaz şəhidlərimizə hörmət yalnız sözlə ölçülməməlidir. Əsl hörmət onun uğrunda can verdiyi torpağa münasibətdə özünü göstərməlidir. Əgər bir insan şəhidin azad etdiyi torpağa gedib oranın tarixi daşını məsuliyyətsiz hərəkətləri ilə korlayırsa, qayalara adlar yazıb təbiəti çirkləndirirsə və bununla fəxr edirsə, bu, ilk növbədə onların ruhuna və qazandıqları misilsiz qələbəyə hörmətsizlikdir. Onların Qələbənin izlərini silməyə haqqı yoxdur! Onlar şəhidin adını qayaya yox, ürəklərinə, yaddaşlarına yazmalıdırlar!
İşğaldan azad olunmuş ərazilər Azərbaycanın tarixində yeni səhifə açıb. İndi həmin ərazilərdə böyük quruculuq işləri görülür. Amma kimlərsə qorunmalı olanları zədələyir, dağıdır, yarıtmaz hala salır. Əlbəttə ki, bu, yolverilməzdir. Şuşanın qayasına yazılmış hər ad, əslində, həmin qayada qorunan təbii və tarixi izlərin üzərinə çəkilmiş başqa bir izdir. Bu izləri sonradan təmizləmək mümkündürmü? Bəlkə də mümkündür. Amma tarixin ilkin görünüşünü tam şəkildə geri qaytarmaq həmişə mümkün olmur. Ona görə də ən doğru mühafizə üsulu sonradan təmizləmək yox, əvvəldən zədələməməkdir.
Axı turist olmaq həm də məsuliyyətli davranmaq deməkdir. Axı dünyanın hər yerində turistlər məkanlara yalnız zövq almaq üçün yox, həm də gəldikləri yeri yaxşı vəziyyətdə tərk etmək üçün buraxılır. Ona görə ki, tarixi məkana daxil olan insan həmin məkanın sahibi kimi deyil, əmanətçisi kimi davranmalıdır. Şuşaya gələn turistlər də bilməlidirlər ki, bu şəhərin ruhuna hörmət etmək lazımdır. Çünki Şuşanı qorumaq onu sevməyin ən böyük formasıdır! Bəzən vətən sevgisinin ən böyük ifadəsi heç nə etməmək, yəni zərər verməməkdir. Bir daşın üzərinə öz adını yazmamaq da vətənpərvərlikdir.
Qoy Şuşanın daşlarında bizim adımız yox, tarix qalsın! Axı o qayalar əsrlərdir oradadır. Onlar Şuşanın yaranışını, xanlıqlar dövrünü görüblər. Qarabağ xanlığının yüksəlişinə şahid olublar. İşğal illərinin ağrısını daşıyıblar. Azadlığın sevincinə şahidlik ediblər. İndi həmin qayaların yaddaşını silməyə çalışmaqla elə ən böyük hörmətsizliyi özümüzə, tarixi yaddaşımıza edirik. Şuşanın daşlarına ad yazmağa ehtiyac yoxdur. Qoy orada şəhidlərimizin izi, qəhrəmanlarımızın nəfəsi qalsın. Qoy tarix qalsın!