📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinə qarşı YENİ ÜSYAN qığılcımları – Gələn ay veriləcək o QƏRAR...

2026-08-30 21:35:21

Putinə qarşı YENİ ÜSYAN qığılcımları – Gələn ay veriləcək o QƏRAR...

Ukraynaya qarşı işğalçı müharibə uzandıqca, prezident Vladimir Putinin vəd elədiyi qələbə əlçatmaza çevrildikcə Rusiya əhalisinin iki qohum xalqın hərbi qarşıdurmasına münasibəti də tədricən neqativə dəyişməkdədir. “Yuxarılarda” illərdir hansı nikbin havanın çalınmasına, telekanalların hansı bayatının oxunmasına baxmayaraq.

Bu da daha bir ilginc fakt.

Penza vilayətinin Başmakovo qəsəbəsində sakinlər müqavilə əsasında hərbi xidmətə zorən cəlbetmə kampaniyası fonunda könüllü küçə patrulları təşkil ediblər. Yerli sakinlərin sözlərinə görə, kişiləri küçələrdə tutur, onlara hədə-qorxu gəlir, aldadır və Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur etmək üçün təzyiq göstərirlər. Hadisələrin birində ot biçən bir kişini avtomobillə aparıblar. Lakin onun bacısı avtomobilin qarşısını kəsərək qardaşını geri götürə bilib.

Patrullara təxminən 250 sakin qoşulub. Onlar fəaliyyətlərini internet vasitəsilə əlaqələndirir, gecə-gündüz növbəli şəkildə küçələrdə keşik çəkirlər. Deyilənlərə görə, bu yolla azı beş-altı nəfərin məcburən cəbhəyə aparılmasının qarşısını almaq mümkün olub...

Doğrudur, bu qəbul xəbərlər müstəqil şəkildə təsdiqini tapmayıb. Rəsmilər belə etirafı ömründə eləməzlər. Amma od yanmasa, tüstü çıxmır. Üstəlik, söhbət Rusiyanın hansısa milli-etnik diyarından yox, rusların üstünlük təşkil elədiyi Penza vilayətindən gedir.

Yəni, artıq İvan da Ukraynaya qarşı işğalçı müharibənin mahiyyətinə varmağa başlayıb. Bunun mənasız bir savaş olduğu dərk edilməkdədir. O zaman ölkə rəhbərliyinin "Novorossiya" haqda illərdir danışdığı nağıllar necə oldu? Kreml bu siqnalları ciddiyə alacamı?

Axı sırf hava hücumları ilə, Dmitri Medvedyevin adiləşmiş nüvə təhdidləri ilə müharibəni udmaq mümkün deyil. 40-50 milyonluq bütöv bir xalqa qalib gəlmək, ümumiyyətlə, real deyil. Həm də o xalq özünü qorumaq üçün artıq ayağa qalxıbsa və az qala, bütün dünya onun yanındadırsa...

Küçələrdən, əkin-biçin sahələrindən zorla gənc və orta yaşlı kişiləri yığıb cəbhəyə aparmaqla deyil. Onların hansı hərbi təcrübəsi ola bilər ki? Axı müasir müharibələrin xarakteri bambaşqadır və "top əti" xüsusi önəm kəsb eləmir.

Əsəb müharibəsi” – Ukrayna ətrafında yaranan gərginliyin əsas səbəbləri -  AZƏRTAC

Təəssüf ki, Kreml dəhlizlərində hələ də acı gerçəyi qəbul eləmək istəmirlər. Putin hakimiyyətinə hələ də elə gəlir ki, klassik üsulla müharibəni uda biləcək. Elə o səbəbə sentyabr seçkilərindən sonra gizli səfərbərliyə hazırlaşırlar. Rəsmilərin təkzibi dolayısıyla bunu göstərir.

Durub açıq bəyan edəsi deyillər ki, “bəli, biz səfərbərliyə gedəcəyik”. O halda hər şeydən öncə "xüsusi hərbi əməliyyat"ın iflas olduğunu etiraf eləməlidirlər. Putinin imicinə vurulacaq zərbə, ölkədən kütləvi köç və "beyin axını" da öz yerində.

O biri yandan, səfərbərliyə getməyə də bilmirlər, çünki müharibənin uzanması iqtisadiyyatda və ölkənin gəlirləri məsələsində geridönməz prosesləri tətikləyə bilər. Odur ki, bu gün ən çətin dilemma ilə üz üzə qalan elə Putinin özüdür. Ancaq nə etməli, bu “kasanı” o, özü bişirib, özü də “yeməlidir”. Gec də olsa...