Putindən Trampa QƏRİBƏ təklif – Qəbul edəcəkmi?
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında Ukrayna münaqişəsinin tam başa çatdırılması üçün Vaşinqtonun ata biləcəyi addımı diqqətə çatdırıb.
Hurriyyet.media xəbər verir ki, bu barədə Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov məlumat verib. Kremlin rəsmisi bildirib ki, Rusiya liderinin fikrincə, münaqişəyə son qoyulmasının əsas yolu Birləşmiş Ştatların Kiyevə göstərdiyi hər cür hərbi və maliyyə yardımını tamamilə dayandırmasıdır.
Tramp Putinin şərtini qəbul edərmi?
Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, Putinin son telefon danışığında Trampa etdiyi təklif olduqca maraqlı və cəsarətli təklifdir: “Çünki Trampa indiki şəraitdə belə təklif etmək “işğal olunmuş Ukrayna torpaqlarını mənə birdəfəlik verin!” kimi tələbə bərabərdir. Ona görə deyirəm ki, cəsarətli təklifdir. Amma ondan da maraqlısı budur ki, belə bir təklifə Tramp necə reaksiya verib. Təəssüf ki, indiyə qədər Trampın həmin təklifə anında nə reaksiya verdiyi ilə bağlı heç bir açıqlama olmayıb. Ona görə də yalnız ehtimallar mümkündür”.

Onun fikrincə, birinci variant ondan ibarətdir ki, Tramp Putinə onun istədiyi cavabı verməyəcək: “Yəni Ukraynanın hərbi və maliyyə cəhətdən dəstəklənməsindən imtina edilməyəcək. İkinci variant ABŞ prezidentinin bu təklifə razılıq verməsi, lakin Ukraynanın Avropa xətti ilə silahlandırmaqda və maliyyələşdirməkdə davam etdirməsi ola bilər. ABŞ özü birabaşa dəstək verməyə bilər, amma Avropa İttifaqı üzərindən Ukraynanın təminatı həyata keçirilə bilər. Üçüncü variant isə Trampın Ukraynaya hərbi və maliyyə dəstəyindən tam geri çəkilməsidir. Bu variantın da reallaşması mümkündür. Hadisələr onu göstərir ki, Tramp Rusiyanı Ukraynada diz çökdürə bilmədi. O, öz ölkəsinin daxilində ciddi reytinq itkisinə məruz qaldığını anlayır və müharibələri dayandırmağın yollarını arayır”.