“Onların siyahıda olmaması skandaldır” - “Qızıl top” ətrafında qalmaqal böyüyür
“Barselona” klubunun idman direktoru Deku komandanın əsas ulduzları Pedri və Rafinyanın 2026-cı il “Qızıl top” (Ballon d'Or) mükafatına namizədlər siyahısına salınmamasına sərt reaksiya verib.
Hurriyyet.media xəbər verir ki, portuqaliyalı funksioner “El Món a RAC1” verilişinin efirində təşkilatçıların bu qərarını ədalətsizlik adlandırıb:
“Onların namizədlər siyahısında olmaması mənim üçün dünya miqyaslı skandaldır. Təəssüf ki, futbolda belə ədalətsizliklər olur. Pedri kimi böyük istedada sahib bir futbolçunun bu siyahıdan necə kənarda qala bildiyini heç cür anlaya bilmirəm...”
Qeyd edək ki, ötən mövsümdə Rafinya “Barselona”nın heyətində bütün turnirlərdə 33 oyuna çıxaraq 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Pedri isə 43 matçda meydanda olub, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Barselona” İspaniya La Liqasının startında keçirdiyi ilk 4 oyunun hamısında qələbə qazanaraq maksimum 12 xalla turnir cədvəlinə başçılıq edir.