“Onlar erməniləri Qarabağa geri gətirmə ideyası ətrafında birləşiblər”-sensasion açıqlamalar
Qafar Çaxmaqlı: “Kəndimizdəki evlərin hamısı qalır. 1988-ci ildə Spitak zəlzələsi belə, bizim kənddəki evlərə çox təsir etmədi, çünki kəndimiz sal qayalığın üstündə salınıb”
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Musavat.com-a geniş müsahibə verib. Kifayət qədər maraqlı, sensasion məqamlarla zəngin olan müsahibəmizə Qafar bəyin yubiley yaşından başladıq, Qərbi Azərbaycandan, Çaxmaq kəndindən başlanan yoldan…
- Qafar bəy, bu günlərdə 70 yaşınız tamam oldu. Təbrik edirik, sağlam ömür, yaradıcılıq uğurları arzulayırıq. Tərcümeyi-halınıza diqqət edəndə çox zəngin həyat yolunuzun olduğunu aydın görmək olur. Siz özünüz bu, 7 onluğa neçə qiymət verərdiniz? Öz-özünüzə hesabatınızın cavabı maraqlıdır?
- Öncə sizlərə, 70 illik yubileyimlə bağlı mənə təbriklərini göndərən çoxsaylı diqqətli dostlarıma, qohumlarıma, məni tanıyan və tanımayan bütün həmvətənlərimə qəzetiniz vasitəsilə təşəkkürümü bildirirəm. Həyat yolu deyincə, mən zamanın diktəsindən daha çox taleyə inanıram. Yəni hər bir insanın alın yazısı olur və Allahın cızdığı yoldan sən istəsən də, çıxa bilməzsən. Neçə yaş olur - olsun, sənə biçilmiş bu yaşın fəlsəfəsinin konturlarını sən müəyyən etmirsən. Ayrı - ayrı dövrlərdə cəmiyyətin təsirlərindən azad olmaq çətin olur və cəmiyyətin təsiri ilə sən də öz yolunu müəyyənləşdirirsən. Ömrü şərti olaraq onillərə bölsək, ilk onillər uşaqlıq, tələbəlik və özünü anlama dönəmidir. Deyim ki, çox saf bir mühitlə əhatə olunmuşam. Həm orta məktəbdə, həm də BDU - nun jurnalistika fakültəsində çox gözəl müəllimlərim olub, tələbə yoldaşlarımı dünyada heç nəyə dəyişmərəm. Bu da bir alın yazısıdır ki, sənin qarşına çıxanlar doğru yolun yolçuları olub və onların getdikləri yolla addımlamaq məcburiyyəti qarşısında qalmısan. Mən BDU - nun jurnalistika fakültəsinə hələ ora daxil olmamış müqəddəs yer kimi baxdığımdan jurnalist kimi işlədiyim bütün dövrlərdə sözün və ifadə azadlığının keşiyində durmağa çalışmışam. Çünki peşəmin gərəkdirdiyi fəlsəfəni anlamışam. Bu peşənin müqəddəsliyini dərk etmişəm. Məşğul olduğum sahədə faydalı olmağa çalışmışam. Bunu şərti olaraq 3-cü, 4-cü onilliklərə aid edə bilərik. Sonrakı onilliklərdə jurnalistik fəaliyyətimi məşğul olduğum elmi fəaliyyətə dönüşdürə bilmişəm məncə. Fəaliyyətimi ayrı - ayrı illərə, onilliklərə ayırmaq istəməzdim, o, bir bütündür. Əlbəttə, taleyimiz elə gətirib ki, həm sovet rejimini görmək və yaşamaq, həm də müstəqilliyə keçid dövrünün siyasi təbəddülatlarından baş çıxarmaq, müstəqil dövlətdə yaşamaq nəsib olub bizlərə. Nələr görməmişik? Hansı mübarizələrdən keçməmişik? İndi dediyiniz o illərə boylanarkən onlara qiymət vermək çətinliyi ilə üz- üzə qalırıq. Amma mən ömrümün orta çağlarında seçim edə bilmişəm. Bu da qonşularımızın, xüsusən də ermənilərin bütün mənalarda mənsub olduğum xalqa hər mənada təcavüzünü anlamaqdan irəli gəlib, bu yolda bir şeylər etmək məcburiyyəti yaradıb və mən jurnistikadan ermənişünaslığa keçid etmişəm. Hesab edirəm ki, səhv eləməmişəm, bu alanda bəzi boşluqları qapatmağa çalışmışam. Həm Azərbaycanda, həm də Türkiyədə doğru bildiklərimi etməyə çalışmışam. Bütün bunları 70 ilə necə sığdırmışam?Qiyməti mənim vermək səlahiyyətim yoxdur.
Mənim 70 yaşında da düşüncələrimi sordunuz, mənə lütf edilən payımı necə yaşadım, nələri etdim, nələri edə bilmədim - hamısı ilə birlikdə mənimkidir, mənim ömrümdür. Bu ömrün içində tanıdığım hər kəs var - bütün müsbət dəyərləri ilə, qüsurları ilə birlikdə…
- Qərbi Azərbaycandan, Amasiya rayonunun Çaxmaq kəndindən çıxdığınız il, günü necə xatırlayırsınız? Yaşınızın bu çağında, uzun ayrılıqdan sonra kəndinizə dönmək istəyirsiniz?
- Kəndimiz Türkiyə ilə tam sərhəddə olduğundan daha çox Türkiyə özləmi vardı, bizim insanlar yaşam tərzi ilə, dili, ləhcəsi, hətta baxışı ilə sərhəddən o taya bağlı idilər. Xəyalımızdakı Azərbaycan isə əlçatmaz idi. Həm məcazi mənada, həm də reallıqda. Azərbaycan çox uzaqda idi, 700-800 kilometr. Orta məktəbi bitirən il yəni həmin ilin iyun ayının 15-də universitetə qəbul imtahanlarını vermək üçün Çaxmaqdan çıxmışam. Ona qədər kənimizdən bir gün də ayrılmamışdım. Bir sutkadan sonra Bakıya çatdım. Kitablardan tanıdığım Bakı o Bakı deyildi. Çox tez sevdim Bakını. Amma kəndimizin yeri ayrı idi. Hər il yayı gözləməyə başlayırdıq ki, kəndə gedəcəyik, günləri sayırdıq. İndi 70 ilin pəncərəsindən baxarkən ən gözəl günlərimin kəndimizdə keçirdiyim günlər olduğunu deyə bilərəm. İşğal olunandan sonra ora artıq doğulduğum, yaşadığım məkan deyil, hər gün yuxularıma qonaq olan müqəddəs yerdir. Türkiyədə çalışdığım 2000-ci ildə Qarsdan kəndimizə baxmaq üçün sərhəddə getdiyim anları heç unutmaram. Bu, insan üçün ən böyük cəzadır. Doğulduğun kəndə gedə bilmirsən, ona uzaqdan baxmaq belə yasaqdır. Uzaqdan baxırsan, amma o artıq sənin deyil. Bu cəzanı bizə kəsənləri bağışlamaq mümkündürmü? Bizim Çaxmaqda indi əhali yaşamır, oranı ermənilər yalnız yayda yaylaq kimi istifadə edirlər. Qərbi Azərbaycanda 1988-də tərk olunmuş azərbaycanlılar yaşayan kəndlərin çoxu boşdur. Mən inanıram ki, nə vaxtsa bu boşluqlar doldurulacaq, oralar bizimkilərin isti nəfəsi ilə qızınacaq. Ömür vəfa etsə, onlardan biri də mən olmaq istərdim. Ona da inanıram ki, gələcəkdə qayıdışla bağlı bütün şərtləri biz qoyacağıq.
- Kənddəki eviniz qalırmı? Yəqin soraq tuta bilirsiniz, qəbiristanlıqdan evlərədək…
- Yalnız bizim deyil, kənçilərimizdəki evlərin hamısı qalır. 1988-ci ildə Spitak zəlzələsi belə, bizim kənddəki evlərə çox təsir etmədi, çünki kəndimiz sal qayalığın üstündə salınıb. 1990-cı illərin sonlarında video çəkmişdilər, o video məndə də var. Qəbiristanlığa da toxunmamışdılar. Kəndçimiz bir erməni qadın orada danışır və deyirdi ki, neçə ki, mən sağam, bir adam qəbiristanlığa əl vura bilməz. 15 il əvvəl özüm də uzaqdan baxıb görmüşdüm ki, qəbiristanlıq yerindədir. İndi bilmirəm. Amma erməninin xislətinə mən yaxşı bələdəm. Qərbi Azərbaycanın bütün ərazisində türk izini itirmək üçün məqsədli, planlı fəaliyyətlər var, inanmıram ki, bizim kənddəki izlərimizi də yox etməkdən vaz keçsinlər.
- Qarabağın işğalda olduğu illərdə erməni yalanlarının ifşası istiqamətində kifayət qədər fəaliyyətiniz oldu. Sizin yanaşmalarınızda iki məqam üstünlük təşkil edib: Ermənistan torpaqları sülh yolu ilə azad etməyəcək və erməniyə inanmaq olmaz! Bəs bu gün nə fikirdəsiniz, hərbi yolla Qarabağın azadlığına nail olduqdan sonra erməninin sülhlə bağlı dediklərinə etibar etmək olarmı?
- Siz şahidlərdən birisiniz ki, mən hər zaman hər hansı danışıqların aparılmasına qarşı çıxmışam. Danışıqlar prosesinin ən kritik məqamlarında belə, Ermənistanla hər hansı təmasın nəticə verməyəcəyini və müharibənin qaçılmaz olduğunu demişəm, yazmşam. ATƏT-in Minsk qrupunu xatırlayırsınız, bu qrup bütün qüvvəsini qoyurdu ki, Qarabağı erməniyə versin. Biz bunu görmürdük? Bu, öncəgörənlik deyildi. Mən erməniyə yaxşı bələd olduğumdan və onların hansı nəfəsi aldıqlarınını bildiyimdən bu qənaətə gəlirdim ki, məsələni yalnız güc yolu ilə həll edə bilərik. Tarixi təcrübə də bütün “təşəbbüslərin” bir aldatmaca olduğunu isbat edirdi. Ermənilər 1918-ci ildə min bir hiylə ilə Azərbaycan torpaqlarında bir erməni dövləti elan etmişdilər, dişlərində şirə qalmışdı. Buna dair mənim tədqiqatlarım da var. İlk dövrlərdə 9 min kvadrat kilometr olan, sonra 10 minə qaldırılan ərazini - hətta vaxt olmuşdu ki, Qars vilayətini də öz ərazilərinə daxil etməklə - 70 minə çatdırmışdılar. Atatürkün öndərliyində TBMM hökuməti işə qarışandan sonra hiylə ilə ələ keçirdikləri Qars, Sürməli ərazilərindən çıxmağa və Aleksandrapol - Gümrü - anlaşmasını imzalamağa məcbur olmuşdular. Türkiyə ərazisindən torpaq qoparmaq planı baş tutmayınca, Azərbaycan əraziləri hesabına bu 9 mini 29,743 min kvadratkilometrə çatdıra bilmişdilər. Ənecə olmuşdu ki, bu qədər ərazini özlərinə birləşdirmişdilər, soruşan yoxdur. 1990-cı ildə isə Azərbaycanın 12 min kvadratkilometr ərazisini işğal edib onu Ermənistana birləşdirmək istəyirdilər. Belə olan halda hansı danışqdan söhbət gedə bilərdi? Bunu Azərbaycan xalqı və dövləti qəbul edə bilməzdi. Bizim bir seçənəyimiz var idi: Müharibə! Uyğun bir məqamda bunu etdik və qalib gəldik. İndi Paşinyan döşünə “Real Ermənistan” xəritəsini yapışdırıb ortalıqda dolaşmaqla guya sülhsevər təsəvvürü yaratmaq istəyir. Bir tərəfdən “sülh” deyir, digər tərəfdən onun komandasında olan adamların iştirakı ilə 1921 - ci il Qars anlaşmasının ləğv edilməsi üçün petisiya, yəni imzatoplama başladılır. Qars anlaşmasının “ləğvi ilə” Azərbaycan ərazilərinə iddia ilə Konstitusiyada təsbit olunmuş ərazi iddiaları eyni anlama gəlir. Naxçıvan, Qarabağ əraziləri, Türkiyənin bir çox Şərqi Anadolu vilayətlərinə iddialar yenə Ermənistan cəmiyyətinin gündəmində qalır. Paşinyan sülh istəyir, hə? Sülh həm də ayrı - ayrı siyasət adamlarının , fərdlərin sözü ilə əldə edilə bilməz. Sülhü səmimi şəkildə istəsə belə, Paşinyan bu gün var, sabah yoxdur. Əsas sual odur ki, Ermənistan adlı dövlətin və bütün diasporu ilə birlikdə erməni xalqının ideoloji xətti dəyişibmi? Torpaq iddialarından əl çəkilibmi? Revanşizm duyğularını kənara qoyublarmı? Mən deyərdim ki, yox. Erməni cəmiyyəti Qarabağı almaq üçün toparlanma mərhələsindədir. Bütün erməni başbilənləri erməniləri Qarabağa geri gətirmə ideyası ətrafında birləşməkdədir. Bu ideya ilə bütün dünyanı konsolodə etmək təşəbbüsləri vüsət alır. Sülh də bu yolda manipulyasiya vasitələrindən biridir. Bəzən Azərbaycanda Paşinyana simpatiyasını açıq şəkildə bildirən və sülhpərvər olduğunu deyənlər tapılır. Elə isə onlardan soruşmaq istəyirəm: Ermənistan son illərdə Hindistandan, Fransadan, başqa Aİ ölkələrindən müasir silahları nə üçün alır? İranamı hücum edəcək? Gürcüstandanmı təhdid var? Erməni düşüncə sisteminə və ideologiyasına bələd adam kimi deyirəm: Ermənistan Azərbaycan üçün hər zaman təhlükəli alətdir və onu bizə qarşı istifadə etmək üçün hazırlayırlar.
- Rəsmi İrəvan Qərbi Azərbaycan ifadəsinə allergiyasını gizlətmir. Necə bilirsiniz, dinc qayıdış tezliklə baş tuta bilərmi?
- Şübhəsiz ki, Qərbi Azərbaycanın əsil sakinlərinin öz yurdlarına geri dönüş ideyası bu istiqamətdəki fəaliyyətlər Ermənistanı narahat edir. Parlament seçkiləri ərəfəsində bu, mübarizənin əsas mövzularından biri idi. Bilirsiniz ki, həmin ideyanı gündəmə gətirənlərdən və kütləviləşdirənlərdən biri də mən idim. Həmişə belə hesab etmişəm ki, Ermənistan bir dövlət kimi heç bir gələcəyi və perspektivi olmayacaq. Bugünki şəkli ilə heç olmayacaq. Lukaşenkonun sözləri ilə desək, Ermənistan kimə lazımdır? Yuxarıda da qeyd etdim, belə birləşmələr çox zaman siyası qarşıdurmalarda alət rolunu oynayır. Kiminsə əlində alət olmaması üçün onlar özləri çalışmalıdırlar ki, bu ölkədə demoqrafik durum, onun etnik yapısı dəyişdirilsin. Ermənistanın bütün əhatəsi türklərdən ibarət olduğundan sərhədlərin açıq tutulması səbəbindən yaxşı mənada ekpansiya prosesi baş verəcək. Bizdən asılı olan məsələ ondan ibarətdir ki, tarixi Vətənə qayıdış ideologiyası daim canlı olsun, o milli Azərbaycan təfəkküründə daim yaşasın, dünyada gedən tarixi proseslər uyğun məqamı özü gətirəcək…
- Nikol Paşinyanın son davranışları, dövlət başçımızla görüşü sizdə hansı qənaət yaratdı? Bir tərəfdə sülh müzakirələri, digər tərəfdə dron istehsalı…
- Paşinyan əsil erməni tipajıdır. Mən onu daha çox Anastas Mikoyana bənzədirəm. Mikoyanla bağlı araşdırma aparmışam. Türkiyədə “Anastas Mikoyan. Bir erməni bolşevikin etirafları” adlı kitabım nəşr olunub. 27-ci Bakı komissarı olan Mikoyan antitürk, düşmən idi, buna söz yox, 20-ci illərdə, sovet hakimiyyətinin ilk illərində Zəngəzurun və Qarabağın Azərbaycanın tərkibində qalması təşəbbüsü ilə çıxış edir, bu barədə hətta Leninə məktub yazırdı, raport göndərirdi. Nədən bunu edirdi? Çünki ermənilərin haqsız yerə başqalarının torpaqlarına sahib olduqlarını bilir və onu itirəcəklərindən qorxurdu. Paşinyan da bilir ki, indi adına Ermənistan deyilən ərazi onlara aid deyil, döşünə vurub nümayiş elətdirdiyi ərazini legitimləşdirmək istəyir. İlk növbədə bizə qəbul etdirmək istəyir. Daxildəki rəqiblərindən fərqli olaraq, Mikoyanvari davranır. Sülhsevər kimi çıxış edib altdan - altdan ölkəni silahlandırır.
- Qafar bəy, konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiası olan ölkə sülhə, referenduma doğru “ayağını sürüyərək” gedir. Bu gedişat nə vəd edir və sizə nə deyir?
- Yuxarıda dediyim səbəblərdən Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi məsələsi dalana dirənib. Referendum qərarı almaq üçün parlamentdə Konstitusiya çoxluğu olmalıdır. O isə yoxdur. Paşinyanın əlində bəhanə var. Konstitusiya dəyişikliyini tələbi təkcə Azərbaycandan gəlmir. Avropa İttifaqına daxil olmaqla bağlı qanun qəbul edən Ermənistanı Rusiya da sıxışdırır. Amma bəhanəsi var, qanun icazə vermir! Azərbaycan və Türkiyə ərazilərinə 1991-ci il Müstəqilliyik Bəyannaməsi və onun 1995-ci ildə qəbul edilən Konstitusiya preambluası ilə və müvafik maddələrlə təsbit olunması təsadüf olmadığı kimi, bu gün Konstitusiyaya dəyişiklik edilməsi “çətinliyi” arasında heç bir fərq yoxdur, erməni manevridir, zamana və şəraitə görə oynanılan oyundur, Paşinyan yaxşı oynayır, lap “İliçdən İliçə”, “yağmurlu havada üstünə bir damcı yağış damlası düşməyən”(“On proxodil mejdu struy”) Mikoyan kimi. Yaxın zamanlar üçün mən Ermənistanın Konstitusiya dəyişikliyinə gedəcəyini düşünmürəm. Onu buna məcbur etmək lazımdır. “Dəmir yumruq” yenə işə düşməlidir.
.jpeg)