📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı müraciət edib

2026-09-14 11:34:38

Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı müraciət edib

Elan saytlarından birində kirayə mənzilin müəyyən bir qrup şəxslərə verilməyəcəyini bildirən ayrı-seçkilik xarakterli ifadələrin yer aldığı elan Ombudsman tərəfindən aparılan monitorinq zamanı müəyyən edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bununla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət olunub.

Ombudsman hesab edir ki, internet platformalarında elanların yerləşdirilməsi zamanı tətbiq olunan qaydalar insan hüquqları, bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinə uyğun olmalıdır.

Müraciətdə elanların məzmununa nəzarətin gücləndirilməsi, ayrı-seçkilik xarakterli ifadələrin vaxtında müəyyən edilərək yayımının qarşısının alınması və istifadəçilər üçün əlçatan şikayət mexanizmlərinin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, hüquq pozuntusu, ayrı-seçkilik və digər zərərli məzmunun avtomatik müəyyən edilməsi üçün süni intellekt imkanlarından istifadə olunması, müvafiq filtr və xəbərdarlıq mexanizmlərinin tətbiqi, zəruri hallarda belə məzmunun yayımının qarşısının alınması imkanlarının nəzərdən keçirilməsi təklif edilib.

Ombudsman internet məkanında ayrı-seçkiliyi təşviq edən halların qarşısının alınmasını, cəmiyyətdə hüquq mədəniyyətinin gücləndirilməsini və bu sahədə effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasını vacib hesab edir.

Ombudsman ictimaiyyəti də internet platformalarında ayrı-seçkiliyə yol verən və insan ləyaqətinə xələl gətirən belə elanların yerləşdirilməsindən çəkinməyə, hüquq və bərabərlik prinsiplərinə hörmətlə yanaşmağa çağırır.

Bu məqsədlə Nazirlikdən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi və görülmüş işlər barədə məlumat verilməsi xahiş olunub.