Ohanyan da Koçaryanın ardınca gedir - Bu cinayətlərdə ittiham olunur
Qarabağda saysız-hesabsız hərbi cinayətlər törətmiş Seyran Ohanyan üçün də digər hərbi cani Robert Koçaryan kimi həbsxana yolu görünməyə başlayıb.
Hurriyyet.media xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi keçmiş müdafiə naziri S.Ohanyanın mənzil bölgüsü prosesində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ilkin istintaqı başa çatdırıb. Bu barədə erməni mediasında rəsmi məlumat yayılıb.
Məlumatda Ohanyanın Müdafiə Nazirliyinin balansından yaxın qohumlarının adına qanunsuz olaraq mənzil ayırdığı bildirilir.
Ohanyanın barəsində Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci hissəsi (vəzifəli şəxs tərəfindən hakimiyyətdən və ya vəzifə səlahiyyətlərindən sui-istifadə və ya bundan irəli gələn təsir və ya səlahiyyət həddini aşma) ilə dövlət cinayət təqibi başlanıb.
İttiham aktı ilə birlikdə cinayət işi təsdiq edilməsi və baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, ötən ayın sonlarında Robert Koçaryan və Serj Sarqsyana qarşı da böyük cinayət işi başlanıb. Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Koçaryanın prezidentliyi dövründə (1998-2008) korrupsiya ilə bağlı istintaq aparır. Ona bir neçə maddə ilə ittiham irəli sürülüb: vəzifə səlahiyyətlərindən sui-istifadə (üç maddə), xüsusilə külli miqdarda rüşvət alma (iki maddə) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (dörd maddə).
25 avqust 2026-cı ildə Koçaryan və böyük oğlu Sedrak saxlanılıblar. Koçaryanın səhhəti saxlanıldığı müddətdə pisləşib (ürək problemləri) və o, xəstəxanaya yerləşdirilib. Məhkəmə ona və oğluna qarşı ilkin olaraq iki aylıq həbs qətimkan tədbiri seçib. Serj Sarqsyan da eyni iş üzrə ittiham olunub. O, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb və məhkəmə hələlik yalnız onun ölkədən çıxışına qadağa qoyub.