Nurlan Libre keçmiş həyat yoldaşını məhkəməyə verdi - Oğlunu uşaq evinə göndərmək istəyir
“Meydan TV” işi ilə bağlı həbs edilən jurnalist Nurlan Qəhrəmanlı (Libre) keçmiş həyat yoldaşını məhkəməyə verib.
Hurriyyet.media xəbər verir ki, bu iddia ilə ictimai fəal Elmira Rəhimova çıxış edib.
“Nurlan Libre keçmiş həyat yoldaşı Əsli Əlizadəni məhkəməyə verib. O, oğlunun anasının himayəsindən alınmasını və uşaq evinə verilməsini tələb edir. Nurlan iddia edir ki, Əsli övladına baxa bilmir, psixoloji vəziyyəti yerində deyil. Məhkəmədə bildirilib ki, rəsmi şəxslər Əslinin kirayə yaşadığı evə baxış keçirəcəklər”, - o sosial şəbəkə hesabında yazıb.
E.Rəhimovanın sözlərinə görə, Nurlan Libre və Ə.Əlizadə bir neçə ay əvvəl boşanmağa qərar veriblər: “Bugünədək azyaşlı övladı Əslinin himayəsində qalıb. Əsli özü həm işləyib, həm övladını baxıb, həm də Nurlan üçün həbsxanaya yardımlar göndərib. Nurlan isə hələ evli ola-ola özünə təzə sevgili tapıb. Həbsxanadan ailəsinə, övladına yox, təzə sevgilisinə məktublar göndərib. Buna baxmayaraq, uşağının xətrinə Əsli Nurlana təminat məsələsində dəstək olmağa çalışıb”.
“İki aydır ki, Əsli işindən ayrılıb və hazırda əlavə gəlir yeri də yoxdur. Buna görə də Nurlana dəstək məsələlərində yer ala bilmir. Belə bir məqamda Nurlan isə Əsliyə qarşı əsassız ittihamlar irəli sürür. Onu övladı ilə sınağa çəkir.
Bütün problemlərin içərisində təkbaşına uşaq böyüdən, işləyən, üstəlik həbsxanadakı keçmiş ərini saxlayan bir qadını övladı ilə sınağa çəkmək vicdansızlıqdır. Hansı uşaq evi anadan yaxşı baxa bilər övladına?!”, - o qeyd edib.//Qafqazinfo