Niyə mənim uşaqlarım Şuşanın daşına yazmaz?
Qızlarım balaca olanda evimizin divarlarını yazmağa başladılar. Bir xətt, iki xətt, üç xətt... Məsələ cızığından çıxdı; divarlarımız rəsm sərgisinə, məktəb lövhəsinə, ailənin yaddaş kartına döndü. Gün o gün oldu ki, artıq əlləri çatan yerlərdə iynə atsan yerə düşməz misalı qələbəlik oldu. Başladılar əlləri çatmayan yerlərə çatmaq üçün yollar axtarmağa — stulları üst-üstə qoydular, boylandılar, dırmaşdılar. Evə gələn hamı, istisnasız hamı təəccüblə soruşurdu: “Niyə icazə verirsiniz?”
Bu mənzərə kənardan “ərköyün uşaq” təsiri bağışlasa da, mənim düşüncəm başqa idi. Mən onlara divarları yazmağa şərait yaratmaqla göstərmək istəyirdim ki, bu divar sizin evinizdir, bu əşya sizin əşyanızdır, burada yaratdığınız iz bizim xatirələrimizdir.
Göstərmək istəyirdim ki, bu daşlar, divar kağızları, evimizdəki maddi nəsnələr sizdən önəmli deyil. Amma bir tərəfdən də əllərimi divarın bitdiyi yerə, pəncərənin kənarına, qapının haşiyəsinə qoyub deyirdim: “Bura bizim evimizin sonuncu daşıdır. Bizim azadlığımız bu daşda bitir. Çünki bu daşın bitdiyi yerdə başqasının sərhədi başlayır”.
Mən onlara azadlığın hər istədiyini etmək olmadığını öyrətmək istəyirdim. Azadlığın harada dayanmalı olduğunu bilmək olduğunu göstərmək istəyirdim. Bəlkə də insanın böyüdüyü yer elə buradır: öz sərhədini tanıdığı yer. İllər keçdi. Qızlarım böyüdü. Mən onları heç vaxt, heç bir yerdə — nə məktəb partasına, nə park skamyasına, nə də özgə divarına nəsə yazan görmədim. Çünki onlar “yazmaq olmaz” sözünü əzbər öyrənməmişdilər. Onlar “yazmaq olmaz” sözünü yaşamışdılar.
Bir neçə gün əvvəl Şuşanın tarixi qayalarına adını yazmış insanlar haqda xəbərləri oxuyanda qəribə bir məyusluq hiss etdim. Sərhədini tanımayan, boyu artsa da, özü artmayan, çoxalmayan, dolmayan yarım adamlar məni məyus etdilər. Əsrlərin fırtınasına, top mərmilərinə, şəhid qanına sinə gərmiş daşların üzərinə xəncər vurmaq — yazı yazmaq mənəvi bir fəlakətdir.
Günlərdir düşünürəm, insan nə üçün harasa adını yazmaq ehtiyacı duyur? Psixologiya və fəlsəfə bu davranışı ibtidai bir “varlıq böhranı” ilə izah edir. Daxilində böyük bir özünütəsdiq boşluğu olan insan dərk edir ki, o fanidir. O, öz müvəqqəti ömrünü daşın və tarixin əbədiliyinə yapışdıraraq ölümsüzləşəcəyini sanır.
Burada ibtidai insan instinkti boy göstərir — gördüyü, heyran qaldığı, amma dərinliyini anlaya bilmədiyi nəhəng bir əzəməti adını yazmaqla “özününküləşdirməyə” çalışır. Kantın fəlsəfəsində olduğu kimi, insan qədim bir tarix və ya təbiət möcüzəsi qarşısında öz kiçikliyini hiss edəndə dərin bir qorxu yaşayır. Mədəni insan bu əzəmətin qarşısında sükutla baş əyir; daxili dincliyi və sərhəd anlayışı olmayan insan isə o əzəməti öz boyuna endirməyə, onu öz fərdi eqosuna tabe etməyə çalışır.
Divara ad yazmaq — tarixlə saxta, aqressiv və ibtidai bir təmas qurmaq cəhdidir. Çünki dünyanı mənimsəmək həvəsi ilə ona sadəcə ehtiramla tamaşa etmək bacarığı arasında böyük bir mədəniyyət uçurumu var.
Çox təəssüf ki, Şuşanın divarına adını yazan turist dünyanı tamaşa etməyi yox, onu mənimsəməyi, tapdalamağı seçib.
Bəs dünya bu vandalizmlə necə mübarizə aparır? Kolizeydən Çin Səddinə qədər bəşəriyyət anlamağa başlayıb ki, yalnız divara “Yazmaq qadağandır” lövhəsi vurmaqla daşı qorumaq olmur. İtaliyada Kolizeyə adını yazan turisti 15–20.000 avro aralığında cərimə və ya həbs cəzası gözləyir; irsə xətər yetirmək adi xuliqanlıq deyil, milli kimliyə qəsd sayılır. Nyu-York metrosunda hələ 1989-cu ildən tətbiq olunan siyasətə görə, qrafiti 24 saat ərzində silinir — bu, təzə yazının psixoloji olaraq ikincisini cəlb etməsinin (“sınmış pəncərələr” effekti) qarşısını alır. Çin Səddində isə bu ehtiyac sublimasiya olunur — turistlər üçün rəqəmsal xatirə divarları yaradılıb, adını daşa deyil, ekrana yazırsan...
Biz Şuşada kameraları artıra, cərimələri sərtləşdirə bilərik — bu, dövlətin işidir. Amma əsl bərpa evlərimizdə başlamalıdır. Uşaqlarımızın daxili azadlığına qanad verək, divarlarımızı onların təxəyyülünə qurban verək, eybi yoxdur. Amma o divarın sonundakı daşı göstərib deyək: “Bura bizim sonuncu daşımızdır. Bura qədər sən azadsan, bu daşdan sonra isə dünya və onun müqəddəs yaddaşı başlayır.” Çünki Şuşa — foto çəkdirib adımızı divarına cızacağımız bir istirahət guşəsi deyil. Şuşa — bizim dirilən kimliyimizin məbədidir. Elə daşlar var ki, onların üzərindəki ən gözəl iz — bizim ehtiramlı sükutumuzdur.