Nenad Popoviç: Serbiya və Azərbaycan İT layihələri ilə üçüncü ölkələrin bazarlarına çıxa bilər - EKSKLÜZİV
Serbiya və Azərbaycan informasiya texnologiyaları (İT) sahəsində əməkdaşlığı genişləndirmək, o cümlədən üçüncü ölkələrin bazarlarına çıxmaq potensialına malikdir.
Bu barədə "Report"a Serbiyanın beynəlxalq iqtisadi əməkdaşlıq naziri Nenad Popoviç V Daşkənd İnvestisiya Forumunun kuluarlarında bildirib.
O qeyd edib ki, Belqrad və Bakı arasında siyasi əlaqələr çox yüksək səviyyədədir, iki ölkənin liderləri isə sıx və dostluq münasibətlərinə malikdir. Bu da iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
"Buna görə də iş adamlarımız arasında daha çox görüş keçirilməli, mümkün qədər çoxlu sayda biznes forumlar təşkil edilməlidir. Xüsusilə yeni texnologiyaların, rəqəmsallaşmanın, İT sektorunun, eləcə də süni intellekt və robot texnikasının inkişafı ilə bağlı potensial görürük", - o bildirib.
O bildirib ki, onlarla Serbiya şirkəti Azərbaycandan olan tərəfdaşlarla təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də səyləri birləşdirərək üçüncü ölkələrin bazarlarına çıxmaq üçün birgə layihələrdə maraqlıdır.
"Mən bu əməkdaşlığı xüsusilə böyük potensialın olduğu İT sektorunda mümkün hesab edirəm", - o qeyd edib.
Nazir həmçinin bildirib ki, tezliklə Belqradda və ya Bakıda yeni biznes forumu keçirilə bilər və bu, iş adamlarının daha aktiv fəaliyyəti üçün zəmin yaradacaq.
"Mən əməkdaşlığımızda kiçik və orta biznesə inanıram və əminəm ki, ticarət dövriyyəmizin həcmi ildən-ilə artacaq", - o əlavə edib.