MTN-in odioz polkovniki azadlığa çıxmaq istəyir - Zərərçəkənlər onun əfvinə etiraz edir
2015-ci ilin oktyabrında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) cinayətkar şəbəkənin əsas icraçılarından biri - İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Hicran oğlu Ələkbərovun amnistiya və əfv mexanizmlərindən yararlanaraq vaxtından əvvəl azadlığa buraxılması üçün çabalar göstərdiyi barədə məlumatlar yayılıb. MTN quldurluğunun canlı şahidləri və qurbanları olan zərərçəkənlər bu təşəbbüsə kəskin reaksiya veriblər.
Musavat.com-a müraciət edən zərərçəkənlər keçmiş polkovnikin bağışlanmasının ədalət prinsiplərinə sarsıdıcı zərbə olacağını bəyan edir, adının əfv siyahısına salınmasına etirazlarını bildirirlər.
Vüsal Ələkbərov MTN-dəki qalmaqallı həbslər dalğasında saxlanılan ilk vəzifəlilərdən olub. Bakı Hərbi Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmlə o, qanunsuz həbslər, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət alma maddələri ilə 12 il azadlıqdan məhrum edilib. Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzil müsadirə olunub. Müsadirə olunan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb. Hökmə əsasən, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Digər zərərçəkmiş iş adamları Nizami Kazımov, Elşən Mədətov, Namil Rzayev, Hüseyn Səfərov, Etibar Əliyev və digərilərinin mülki iddiaları isə təmin edilməmiş saxlanıb.

Lakin sonrakı mərhələdə Bakı Apellyasiya Məhkəməsi son dərəcə şübhəli qərarla onun cəzasını 5 ilə endirərək məhkəmə zalından azadlığa buraxılması haqda qərar verib. Əmlakı Akif Qurbanova verilməyib. Bu qərar cəmiyyətdə və zərərçəkənlər arasında böyük etiraz doğurub. Zərərçəkənlərin sonrakı şikayətləri dəı fayda verməyib.
Vüsal Ələkbərov növbəti dəfə 2021-ci ildə MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, general Movlam Şıxəliyev saxlanılandan sonra yenidən istintaqa cəlb olunub.
Bu dəfə o, mütəşəkkil dəstə üzvü olaraq hakim qarşısına çıxarılıb, onun əməlləri yenidən araşdırılıb. Bakı Hərbi Məhkəməsinin 2023-cü ildə çıxardığı hökmlə Vüsal Ələkbərov 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmə prosesində Vüsal Ələkbərovun törətdiyi cinayətlərin xarakteri, iş adamlarını MTN zindanlarında qanunsuz saxlayaraq ailələri və biznesləri ilə hədələməsi, var-dövlətlərini əllərindən alması rəsmən sübuta yetirilib.
Zərərçəkən sahibkarlar Vüsal Ələkbərovun amnistiyaya düşməsi və ya əfv edilməsi cəhdlərini ədalətsizlik hesab edirlər. Deyirlər ki, Vüsal Ələkbərov mütəşəkkil dəstə tərkibində onlardan hədə-qorxu ilə alınan milyonlarla dollar və manatlıq vəsaitləri ödəmir. Məhkəmə prosesləri boyunca Vüsal Ələkbərov özünü təqsirli bilməyib, əməllərindən peşman olmadığını göstərib və zərərçəkənlərə qarşı aqressiv mövqe tutub. MTN zülmünə məruz qalan bir çox zərərçəkənin səhhəti pozulub, üzləşdiyi haqsızlıqlara dözməyib dünyadan köçənlər, müflis olanlar və ailə faciələri yaşayanlar var. Zərərçəkənlər bildirirlər ki, milyonlarla ziyan vurmuş və onların həyatını qaraltmış bir şəxsin amnistiya və ya əfv adı altında azadlığa buraxılması qanunun aliliyi prinsipinə ziddir. Onlar aidiyyəti dövlət qurumlarını və Əfv Komissiyasını bu məsələdə həssas olmağa çağırırlar.
Vüsal Ələkbərovun üzvü olduğu dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev, Etibar Mahmud oğlu Əliyev və Esmira Məcid qızı Bayramova zərər çəkiblər.