📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məsələni şişirdərək şəhid anasını hədəfə çevirməyin! – MİRCƏLAL QURBANOV YAZIR

2026-09-07 14:32:17

Məsələni şişirdərək şəhid anasını hədəfə çevirməyin! – MİRCƏLAL QURBANOV YAZIR

Şəhid anasını günlərlə hədəfə çevirməkdə, haqqında alçaldıcı başlıqlar paylaşmaqda və onu cəmiyyət qarşısında nüfuzdan salmağa çalışmaqda məqsəd nədir?

İki gündür bəzi saytların və sosial şəbəkə səhifələrinin şəhidimiz Xudayar Yusifzadənin anası Radə xanıma qarşı apardığı kampaniyanı böyük təəssüf hissi ilə izləyirəm. Elə bir mənzərə yaradıblar ki, sanki bir şəhid anası dövlətə xəyanət edib! Nə baş verib, nə olub sizə? Bir az insaflı olun, məsələni bu qədər şişirdərək şəhid anasını hədəfə çevirməyin!

Əvvəla, Şuşanın qayalarına adların bu böyüklükdə və bu formada yazılmasını mən də doğru hesab etmirəm. Şuşanın hər daşı, hər qayası qorunmalıdır. Şəhidlərimizin adları orada əbədiləşdiriləcəksə, bu, qayalara səliqəsiz şəkildə yazılmaqla deyil, Zəfər Muzeyində olduğu kimi, xüsusi hazırlanmış yaraşıqlı lövhələr üzərində həyata keçirilməlidir. Həm də yalnız 44 günlük Vətən müharibəsində deyil, 1992-ci ildən bu günədək Şuşa və Qarabağ uğrunda qan tökərək şəhid olmuş bütün qəhrəmanlarımızın adları orada yer almalıdır. Çünki Şuşanın azadlığına gedən yol onların qanından və canından keçib.

Ancaq həmin yazıları nə şəhidlərimiz Xudayar və Turqut yazıb, nə də onların anaları! Elə isə bu yazılara görə bir şəhid anasını günlərlə hədəfə çevirməkdə, haqqında alçaldıcı başlıqlar paylaşmaqda və onu cəmiyyət qarşısında nüfuzdan salmağa çalışmaqda məqsəd nədir?

Bu məsələni gündəmə gətirən möhtərəm jurnalistə və onun ətrafında birləşərək şəhid anasına qarşı bu kampaniyanı aparan şəxslərə üzümü tutub deyirəm: şəhid anasına qarşı hər hansı iradınız varsa, gedib onun qapısını döyün, özü ilə üzbəüz danışın. Əgər indiyədək o ananın qapısını açmamısınızsa, evində bir stəkan çayını içib dərdini dinləməmisinizsə, əvvəlcə gedib onu yaxından tanıyın. Bəlkə bilmədən hansısa yanlışlığa yol verilib. Bunu onun evində, hörmət və ehtiramla həll etmək olar.

Bir şəhid anasını sosial şəbəkələrdə günlərlə müzakirə mövzusuna çevirərək cəmiyyətə təqdim etmək düzgün deyil. Bu, övladını Vətənə qurban vermiş bir ananın yaralı qəlbinə yenidən dağ çəkməkdir! Şəhid anası sosial şəbəkələrdə hədəfə çevrilməməli, onun qapısı ehtiramla döyülməli, sözü hörmətlə dinlənilməlidir!

Mən şəhid analarını heç zaman öz anamdan ayırmamışam. Onların hər birini öz anam qədər əziz və doğma bilir, sevinclərini sevincim, ağrılarını isə öz ağrım hesab edirəm. Buna görə də hansı şəhid anası olmasından asılı olmayaraq, ona qarşı edilən haqsızlığı və hörmətsizliyi öz anama edilmiş kimi qəbul edirəm!

Onu da açıq şəkildə deyim ki, bəzi şəhid ana və atalarının sosial platformalarda, xüsusilə TikTok-da adlarını çəkmək istəmədiyim dırnaqarası “məşhurlarla” canlı yayımlar açmasını, oyunlar oynamasını və şəhid valideyni adına yaraşmayan davranışlar nümayiş etdirməsini mən də qəbul etmir və bunun qəti əleyhinəyəm.

Onu da qeyd etmək istəyirəm ki, bəzi hallarda özüm şəxsən şahidi olmuşam: şəhid qardaşı olduğunu əsas gətirərək xəstəxanalarda qapı-pəncərə sındıran, başqa yerlərdə dava-dalaş salanlar olur. Bu, yolverilməzdir! Şəhid qardaşısınızsa, ilk növbədə həmin şəhidimizin müqəddəs adına hörmət qoyun. Şəhid adı heç kimə qanunu pozmaq, kimisə təhqir etmək, alçaltmaq və ya döymək haqqı vermir. Xahiş edirəm, belə hallara da yol verməyin!

Şəhid adı hər yerdə uca tutulmalı, onun müqəddəsliyi qorunmalıdır!

Boykot etməyə bu qədər həvəsiniz və cəsarətiniz varsa, necə ki, bir şəhid anasına qarşı birləşmisiniz, eləcə də gedin sosial şəbəkələrdə xalqımızın milli-mənəvi dəyərlərinə və Azərbaycan qanunlarına yaraşmayan hərəkətlər edənlərə qarşı birləşin! Canlı yayımlarda xalqdan pul dilənənləri, əxlaqsızlığı və tərbiyəsizliyi təbliğ edənləri boykot edin!

Şəhidlərimizin müqəddəs adından şəxsi şöhrət, reklam və qazanc üçün istifadə edənləri araşdırın! Heç bir peşəsi, savadı və cəmiyyət qarşısında nəzərəçarpacaq xidməti olmadığı halda, hansısa bir qitənin “Şərəf ordeni”ni sinəsinə taxdıraraq özünə saxta nüfuz və dırnaqarası “qəhrəman” obrazı yaradanları boykot edin!

Keçmiş həyat tərzi ilə bu gün cəmiyyətə təqdim etdiyi dırnaqarası “mənəviyyatlı və əxlaqlı” obraz bir-birini tamamilə təkzib edən, dünənini süni müqəddəslik pərdəsi arxasında gizlədərək özünə dırnaqarası “müqəddəs ana” statusu verdirənləri araşdırın və boykotunuzu onlara qarşı aparın, şəhid analarına qarşı yox!

Şəhid analarına, şəhid xanımlarına və bütövlükdə şəhid ailələrinə iftira atanları, onların fotoşəkillərini sosial şəbəkələrdə paylaşaraq insanlara söydürənləri, onları təhqir və linç obyektinə çevirənləri boykot edin! Şəhid ailələrinin müqəddəs adını ləkələməyə və onları xalqın gözündən salmağa çalışanlara qarşı birləşin, şəhid analarına qarşı yox!

Möhtərəm jurnalist və onun ətrafında bu kampaniyanı aparan şəxslər! Araşdırma aparmaq və boykot çağırışı etmək istəyirsinizsə, buyurun, ən yaxşısı, bunları araşdırın və boykotunuzu onlara qarşı edin. Gücünüz bir şəhid anasına çatmasın!

Radə ana hər zaman deyib ki, Xudayarın səsi təkcə Xudayarın deyil, 44 günlük Vətən müharibəsində şəhid olmuş üç minə yaxın qəhrəmanımızın səsidir. O şəhidlərin səsi Xudayarın səsi ilə bizlərə gəlib çatdı.

Amma unutmayaq ki, Xudayar yalnız gözəl səsi ilə yadda qalmayıb. O, döyüş meydanındakı mərdliyi, qorxmazlığı, Vətən sevgisi və qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalıb. Xudayarın səsi xalqımızın ruhuna toxundu, döyüşü və şəhadəti isə onun adını Vətənin tarixinə əbədi həkk etdi!

Unutmayın şəhid anası müqəddəsdir!

Onunla danışanda da, haqqında yazanda da əvvəlcə Vətənə qurban verdiyi şəhid balasının ruhundan utanmaq lazımdır!

Boykot etməyə adam axtarırsınızsa, şəhid anasından uzaq durun! Gücünüzü övladını Vətənə qurban vermiş anaya deyil, şəhidlərimizin müqəddəs adını şəxsi mənafeyinə alət edənlərə göstərin!

Şəhid anasının yaralı qəlbini bir də siz yaralamayın!

Mircəlal QURBANOV

Hurriyyet.media