Merey Mukajan: "TDT xarici investorlar üçün vahid rəqabət mühiti formalaşdırmağı planlaşdırır" - EKSKLÜZİV
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr xarici investorlar üçün ortaq rəqabət standartlarının formalaşdırılması perspektivlərini araşdırırlar.
Bunu Hurriyyet.info nun Şuşaya ezam olunmuş əməkdaşına Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu"nun kuluarlarında bildirib.
Onun fikrincə, bu məsələ perspektivdə üzərində iş aparıla biləcək əsas istiqamətlərdən birini təşkil edir.
"Türk İnvestisiya Fondunun öz fəaliyyətinə start verməsi investisiya sahəsində əməkdaşlığın keyfiyyətcə yeni pilləyə yüksəldiyini nümayiş etdirir. Fondun 600 milyon ABŞ dolları məbləğində kapitala sahib olması investisiya mühitinin harmonizasiyası ilə əlaqədar müzakirələri daha da aktual edir. Üzv dövlətlərin müxtəlif coğrafi regionlarda yerləşməsi və bir-birindən fərqlənən iqtisadi-hüquqi sistemlərə malik olması nəzərə alınmaqla, bu proses pilləli qaydada reallaşdırıla bilər", - M. Mukajan qeyd edib.