📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Məni seçim qarşısında qoydular, dedilər ki, ya ad al, ya da...” - “Dəli Kür”ün 87 yaşlı Mələyindən narazılıq

2026-09-13 22:30:55

“Məni seçim qarşısında qoydular, dedilər ki, ya ad al, ya da...” - “Dəli Kür”ün 87 yaşlı Mələyindən narazılıq

“Səhhətim yaxşı deyil. Yəqin ki, yaşımla bağlıdır. Amma buna da şükür. Ayaqdayam, nəfəs alıram”.

Bunu Musavat.com-a açıqlamasında Əməkdar artist, aktrisa Zemfira Sadıqova deyib.

87 yaşlı sənətkar ürək ağrılarından əziyyət çəkdiyini bildirib:

“2000-ci ildən bu günə kimi ürək problemindən əziyyət çəkirəm. Ürəyim kəskin ağrımasa da, həmişə məni incidir. İllərlə İrana getdim, müalicə olundum. Amma Azərbaycanda heç bir həkimə müraciət etmirəm. Çünki mən heç kimə inanmıram”.

Aktrisa günlərini əsasən evdə keçirdiyini deyib:

“Mən evdə oluram, planşetim var. İstədiyim xarici filmə baxıram. Danışanda belə boğazım qıcıqlanır, səsim batır. Ona görə də heç yerə getmirəm”.

Zemfira Sadıqova “Xalq artisti” fəxri adını almamasından da gileylənib:

“Baxmayaraq ki, o qədər filmim, dublyaj işlərim var, bu adı mənə vermədilər. Amma onu bilirəm ki, xalq məni sevir, mənə hörmət edir. Çox yazırlar, çoxlu məktublar göndərirlər. Ona görə də Allahımdan razıyam. Nazirlə görüşəndə mənə dedi ki, bundan sonra heç kimə bu ad verilmir. Bəlkə də, nazir heç məni tanımırdı. 80 illik yubileyim olanda isə məni seçim qarşısında qoydular. Dedilər ki, ya “Xalq artisti” adı, ya da “Prezident təqaüdü” - ikisindən birini seçməli idim. Mən də təbii ki, 250 manat pensiya aldığım üçün “Prezident təqaüdü”nü seçdim”.

Qeyd edək ki, Zemfira Sadıqova milli kinomuzda bir sıra yaddaqalan obrazlar yaradıb. Sənətkar daha çox “Dəli Kür” filmindəki “Mələk” obrazı ilə tanınır. O, həmçinin “Teymurləng”, “Qurd Cəbrayıl” kimi obrazları canlandırmış mərhum Xalq artisti Yusif Vəliyevin həyat yoldaşıdır.