Məktəblər niyə bağlanır? – Statistikanın arxasında duran TƏHLÜKƏLİ HƏQİQƏT
Azərbaycanda təhsil sektorunu narahat edən rəqəmlər getdikcə daha çox diqqət çəkir. Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara görə, ölkədə fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin sayında əhəmiyyətli dərəcədə azalma qeydə alınıb. Belə ki, 2024–2025-ci tədris ilində ölkə üzrə 4324 məktəb fəaliyyət göstərdiyi halda, 2025–2026-cı tədris ilində bu rəqəm 4160-a enib. Bir il ərzində 164 təhsil ocağının fəaliyyətini dayandırması və ya bağlanması ciddi suallar doğurur. Bununla paralel olaraq, şagird kontingentində də azalma müşahidə olunub. Əgər əvvəlki tədris ilində məktəblərdə 1 milyon 671 min nəfər təhsil alırdısa, sonrakı ildə bu göstərici 1 milyon 648 min nəfərə düşüb. Bir il ərzində şagirdlərin sayının 23 min nəfər azalması təhsil sistemində struktur dəyişiklikləri ilə yanaşı, demoqrafik proseslərin də dərinləşdiyini göstərir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən təhsil eksperti Fuad Hacıyev bildirib ki, məktəblərin bağlanması və şagird sayının azalması prosesi təkcə cari ilin problemi deyil, uzunmüddətli demoqrafik və iqtisadi tendensiyaların nəticəsidir: "Məktəblərin sayının azalmasını və şagird kontingentinin hər il minlərlə nəfər kiçilməsini sadəcə təsadüfi statistik rəqəm kimi qiymətləndirmək böyük səhv olar. Bu, ilk növbədə regionlarda əhalinin təbii artım dinamikasının zəifləməsi, eləcə də daxili miqrasiya prosesləri ilə birbaşa bağlıdır. Bölgələrdə şagird sayı azalan kiçik kənd məktəblərinin saxlanılması iqtisadi baxımdan səmərəsiz olduğu üçün qurumlar birləşdirmə və ya bağlanma yolu seçirlər".
Ekspertin sözlərinə görə, bu tendensiya davam edərsə, yaxın gələcəkdə təhsil infrastrukturunun optimallaşdırılması adı altında daha ciddi addımların atılması qaçılmaz olacaq: "Əgər şagird sayı azalmağa davam edərsə, bu, həm də pedaqoji kadrların – müəllimlərin taleyinə ciddi təsir göstərəcək. Bir çox kənd məktəblərində komplektləşmə problemi yaranır ki, bu da təhsilin keyfiyyətini aşağı salır. Dövlət bu prosesi idarə edərkən yalnız maliyyə xərclərinə deyil, həm də regionlarda təhsilə bərabər əlçatanlıq prinsipinə xüsusi diqqət yetirməlidir, əks halda təhsil bərabərsizliyi daha da dərinləşə bilər".